Arif İsayev: Orda balaca deşik var idi...
13.05.2013 - 20:11
Arif İsayev: Orda balaca deşik var idi...
Milli komandamızın və “Dənizlispor”un yarımmüdafiəçisi Arif İsayevin apasport.az saytına müsahibəsi

- Turnir cədvəlində üst sıralarda olan “Bucaspor”a da qalib gəldiz. Oyun haqda nə deyə bilərsiz?
- Bu qarşılaşmadan əvvəl onsuz da çempionatı tərk etməyəcəyimiz aydın idi. “Bucaspor” 3-cü pilləni tutub Superliqaya çıxmaq üçün pley-off matçlarında iştirak etmək istəyirdi. Baş məşqçi heyəti çox da dəyişməsə də, bir neçə dəyişikliklər vardı. Evdə qələbə qazanmaq istəyirdik. Həm də son oyun olduğundan, çempionatı major notlarla başa vurmağı arzulayırdıq. Söz verdiyimiz kimi, necə lazımdırsa oynadıq və qələbə qazandıq.

- Nəticədən asılı olmayaraq, komandanız nə elitaya çıxacaqdı, nə də daha aşağı dəstəyə düşəcəkdi. Bu görüşə motivasiya olmaq bir qədər çətin olmadı ki?
- Yeni baş məşqçimiz Özcan Bizatinin bu baxımdan futbolçuları oyuna yaxşı kökləmək bacarığı var. O, oyunçuların çox arxayınlaşmasına imkan vermir. “Ankaragücü” ilə görüşdən sonra məşqlərimiz şən əhval-ruhiyyədə keçsə də, o, futbolçuları necə hazırlaşdırmağın yollarını yaxşı bilir. Çox şükür ki, mücadiləmizi etdik və qazandıq. Özcan hoca komandaya gələndən məğlub olmamışıq. 4 oyundan 10 xal topladıq. Heç-heçə etdiyimiz 1 oyunda isə son dəqiqələrdə top buraxmışıq.

- Bizati yaxınlarda Yevlaxın “El” telekanalına telefonla qoşularaq müsahibə vermişdi. O, Rail Məlikovla sizi tərifləmiş və demişdi ki, çalışacaqlar ki, yayda minimum daha bir azərbaycanlı futbolçunu heyətə qatsınlar. Bu baxımdan məşqçiniz sizin fikrinizi öyrənibmi?
- Dediyinə görə, hocamız bizdən razıdır. Tək o yox, klub rəhbərliyi, komanda üzvləri də bizdən razılıq ifadə edib. Məşqçimiz bizə demişdi ki, tanıdığınız səviyyəli azərbaycanlı futbolçu olsa, bildirin, problemsiz dəvət edə bilərik. Dedi ki, sizin futbol biliyinizə inanıram və bilirəm ki, yaxşı futbolçuları göstərəcəksiz.

- Bəs siz hansı futbolçularımızın adını çəkdiz?
- Yox. Onda ad çəkmədik. Çünki həmin söhbət olan vaxt mövsüm başa çatmamışdı, vacib oyunlarımız vardı. Bu haqda söhbət yəqin ki hələ sonra gedəcək. Özünüz bilirsiz ki, Türkiyənin I dəstəsində 2 azərbaycanlının yerli futbolçu kimi oynamasına icazə verilir. 3-cüsü artıq legioner kimi qəbul olunur. Ona görə də bizə deyib ki, gərək elə futbolçu olsun ki, alırıqsa, legioner adını doğrultsun.

- Bakıya nə vaxt qayıdırsız?
- Sabah (müsahibə dünən götürülüb – S.T.) klubda iclasımız var. Ondan sonra Bakıya qayıtmağımız da 1-2 gün də çəkər. Burda Raillə bəzi işlərimiz var, onları həll etdikdən sonra qayıdacağıq. Qayıtmağımız ayın 15-16-dan tez olmayacaq.

- Yəqin ki, maaş alacaqsız...
- O da var. Ancaq başqa özəl işlərimiz də var (gülür). Onları həll edib tam rahat şəkildə Bakıya gələcəyik.

- Özəl iş deyəndə ki, başqa klublardan təklif var?
- Hələ dəqiq heç nə yoxdur. Onu deyə bilərəm ki, Türkiyənin I dəstəsində oynayan klublardan təklif alsam belə, elə “Dənizlispor”da qalmağa üstünlük verəcəm.

- Gözləyirdizmi ki, yenidən yığmaya çağırılacaqsız, yoxsa Rail kimi unudulacağınızı düşünürdüz?
- Yox, heç vaxt belə bir fikrə düşməmişəm. Milliyə çağırılmadığım dönəmdə Berti Foqtsun qərarı ilə razı idim. Məni çağırmamaqda haqlı idi. Çünki ötən mövsümün sonlarında “Qəbələ”də, cari mövsümün əvvəlində isə AZAL-da, demək olar ki, oyun keçirməmişdim. Elə bir vəziyyətdə məni çağırmağı başqa oynayan futbolçulara qarşı haqsızlıq olardı. Kiminsə haqqını yemək istəmərik. “Unudulmaq” söhbəti heç ağlıma gəlməyib. Bilirdim ki, yenidən forma yığsam, məşqçi yenidən mənə dəvət göndərəcək. Çox şükür ki, zədədən qayıtdıqdan və xəstəlikdən azad olduqdan sonra əksər oyunlarda meydanda olmuşam. İşlərim yaxşı gedir. Qollarımı da vurmuşam.

- Klubda milliyə çağırılmağınız necə qarşılandı?
- Klubda çox yaxşı qarşılandı. Məşqçimiz hazırlıq öncəsi söhbətin yekununda uşaqlara dedi ki, gəlin, Arifi də alqışlayaq, çünki o, milliyə çağırılıb. Bundan sonra hamı məni təbrik etdi. Yəni bu hamı tərəfindən yaxşı qarşılandı.

- Cari mövsüm “Dənizlispor”da 3 qol vurduz. Bunlardan hansını ən yaxşı hesab edirsiz?
- Ən yaxşı qolum (fikirləşir)... Məncə, “Karşıyaka”ya vurduğum qol ən yaxşıdır. Bu, “Dənizlispor”da 2-ci qolum idi. Çünki orda balaca deşik var idi ki, top məhz ordan keçdi.

Səbuhi TOFİQOĞLU