Stenli Brard yenə Rinus Mixels mükafatına layiq görüldü
13.05.2013 - 21:05
Stenli Brard yenə Rinus Mixels mükafatına layiq görüldü
“Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard mükafatlarına daha birisini əlavə edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilən “Feyenoord” Futbol Akademiyası bu mövsüm də eyni titula sahib çıxıb və Brard Rinus Mixels mükafatına layiq görülüb.

Mükafat Stenli Brarda məşhur hollandiyalı mütəxəssis Luis van Qaal tərəfindən təqdim edilib. Təqdimat mərasimində Van Qaal Hollandiya peşəkar futbolunda heç kimin Stenli Brard qədər istedadlı futbolçu və peşəkar gənc məşqçi yetişdirmədiyini söyləyib.

O, Brardın “PSV Eyndhoven”nin, “Ayaks”ın və digər klubların akademiyaya xərclədiyi vəsaitin yarısı qədər büdcə ilə çalışdığını, lakin görülən işlərdə və əldə olunan mükafatlarda adıçəkilən klubları geridə qoyduğunu bildirib.