Seriyalardan birinə son qoyulacaq
13.05.2013 - 21:55
Seriyalardan birinə son qoyulacaq
“Rəvan” Topaz Premyer Liqasının 31-ci turunda evdə AZAL ilə qarşılaşacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, sabah “Bayıl stadionu”nda keçiriləcək oyun ərəfəsində statistik məqamlara toxunub, rəqəmlərin nə dediyinə diqqət yetirək.

İkinci “altılığ”ın lideri ilə “uçan aslanlar” indiyə qədər 7 dəfə qarşılaşıb. Bu matçlarda komanda 4 dəfə qələbə qazanıbsa, 2 halda meydanı xalsız tərk edib. Bunlar cari mövsümün səfər oyunlarına təsadüf edib. İlkin mərhələdə 1:3, final mərhələsində isə 2:3 hesabı ilə yenilib. Ancaq ev oyunların hər üçündə “Rəvan” rəqibini məğlub edib. “Rəvan” topların fərqində də üstələdiyi AZAL ilə keçirdiyi bütün oyunlarda ən azı 1 qol vurmağı bacarıb.

Onu da bildirək ki, “uçan aslanlar” ikinci “altılıq”da evdə keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. “Xəzər Lənkəran” və "Turan”ı 1:0 hesabı ilə üstələyən "Rəvan” "Sumqayıt”la "Kəpəz”in qapısından 3 cavabsız top keçirib. Başqa sözlə, cari mövsüm son ev matçında seriyanı davam etdirmək lazımdı. AZAL isə final mərhələsində heç kimə uduzmayıb. Son 10 oyunun 9-da qələbə qazanmış “təyyarəçilər” dalbadal 6 matçdır qalib gəlir. Deməli, “Rəvan” öz qələbə seriyasını davam etdirməklə rəqibin seriyasına da son qoymuş olacaq.

22.10.2011 AZAL - Rəvan 1:2
20.12.2011 Rəvan - AZAL 3:1
18.03.2012 Rəvan - AZAL 2:0
14.04.2012 AZAL - Rəvan 1:1
11.08.2012 AZAL - Rəvan 3:1
19.11.2012 Rəvan - AZAL 1:0
19.04.2013 AZAL - Rəvan 3:2