“Xəzər Lənkəran” tarixində belə şey olmamışdı
14.05.2013 - 09:40
“Xəzər Lənkəran” tarixində belə şey olmamışdı
“Xəzər Lənkəran” ardıcıl 3-cü səfər oyununda məğlub olub. Apasport.az saytının məlumatına görə, cənublular Topaz Premyer Liqasının XXXI turunun “Sumqayıt”la qarşılaşmasında 0:1 hesabı ilə uduzmaqla uğursuz seriyanı davam etdirib.

Bunadək aprelin 17-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk oyununda 0:1, 11 gün sonra AZAL-la çempionat matçında 0:2 hesabı ilə yenilən Con Toşakın yetirmələri rəqib meydanlarında ardıcıl 3-cü dəfə yenilib.

Bu isə klubun 9 illik tarixində görünməmiş uğursuz seriyadır. Lənkəranlılar indiyədək ən pis halda 2 səfər məğlubiyyətini sıralayıb. Bu bir neçə dəfə yaşansa da hər dəfə 2 məğlubiyyətdən sonra ən azı heç-heçəyə təsadüf olunurdu. Bu dəfə isə ardıcıl 3-cü məğlubiyyət də əvvəlki ikisi kimi Bakıda qeydə alındı.

Qeyd edək ki, “Xəzər Lənkəran” cari mövsüm Premyer Liqada 16 səfər matçında cəmi 14 xal toplamaqla 12 komanda arasında 10-cu göstəriciyə malikdir.