Avrokuboklarda təmsilçilərimiz müəyyənləşdi
14.05.2013 - 18:29
Avrokuboklarda təmsilçilərimiz müəyyənləşdi
Topaz Premyer Liqasının XXXI turu Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə heç-heçə edən “Neftçi” çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin etməklə qitə kuboklarının iştirakçıları ilə bağlı suallara aydınlıq gətirib.

Ardıcıl 3-cü dəfə çempion olan bakılılar bu dəfə də qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına vəsiqə əldə edib.

Mükafatçılar sırasına düşməsi xeyli əvvəldən rəsmiləşən, çempionluq ümidləri isə bu turda alt-üst olan “Qarabağ”, həmçinin “İnter” isə Avropa Liqasına indidən hazırlaşa bilər.

Avropa Liqasına son vəsiqəyə nəzəri şansları bu turadək qalan “Simurq”la “Bakı” isə qitə miqyaslı turnirləri kənardan izləməli olacaq. Çünki sonuncu – 4-cü vəsiqə “Xəzər Lənkəran”a nəsib olub. Cənublular Azərbaycan kubokunun finalına yüksəldiyindən və onların həlledici qarşılaşmadakı rəqibi çempion kimi Çempionlar Liqasına yollanacağından Con Toşakın komandası Avropa Liqasına vəsiqəni təmin edib.