Rəşad Sadıqov: 2-ci yer də pis deyil
15.05.2013 - 09:15
Rəşad Sadıqov: 2-ci yer də pis deyil
“Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- “Bakı”ya 3:1 hesabı ilə qalib gəldiyiniz oyunu zədə üzündən başa çatdıra bilməyərək əvəzləndiniz. Vəziyyətiniz necədir?
- Əməliyyat olunduğum yerdən zədələndim. Hələ ilk hissədə əzələmi dartsam da, oyunu davam etdirdim. Ancaq sonra ağrılarım bir az artdı. Gördüm ki, ayağım şişdi, əvəzlənməyimi istədim. Ağrıdan artıq qaça bilmirdim.

- Mövsümü sizin üçün bitmiş saymaq olar?
- Bilmirəm. Müayinə edəcəyəm. Görək rentgen nə göstərəcək. Hazırda ağrılar var. Həkim tam müayinə edəndən sonra dəqiq fikir deyəcək.

- Ola bilər ki, millimizin qarşıdakı rəsmi oyuna görə özünüzü qoruyasınız?
- Lüksemburqla matça hələ çox vaxt var. Fikirləşirəm ki, zədəmin milliyə təsiri olmaz.

- Bu çempionatı 2-ci yerdə başa vurdunuz. “Qarabağ”ın kapitanı bu nəticəni, mövsümü necə dəyərləndirərdi?
- Daha yaxşı olardı ki, çempion olaq. Ancaq fikirləşirəm ki, çempionluğu əldən verəndən sonra 2-ci yer də bizim üçün pis nəticə deyil. Ağır, gərgin çempionat keçdi. “Altılıq”da artıq 6 qələbə qazanmışıq ki, bu da pis göstərici deyil. Hələ qabaqda 1 oyunumuz da var. Sadəcə, “Neftçi” ilə çempionluq mübarizəsində 2-ci olduq.

- Bu komandaya çempionatda 3 dəfə qalib gəlsəniz də, sonda bir məğlubiyyət həlledici oldu...
- Bəli. Həmin məğlubiyyət həlledici rol oynadı. “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm.

- Keçmiş komandanızı şəxsən təbrik edəcəksiniz?
- Harda görsəm, rastlaşsam, təbrik edəcəyəm. İndi saytınız vasitəsilə bunu edirəm.

- “Qarabağ”la gələcək perspektivinizi necə görürsünüz?
- Mənim klubla hələ 1 illik müqaviləm var.

- Onu uzatmaqla bağlı təklif almısınız?
- Məsləhət olsa, uzadarıq. Hələ söhbət olmayıb.

- Xaricdə, yenidən Türkiyədə oynamaq variantı var?
- Hazırda yoxdur. Olsa, baxarıq.

Mehman SÜLEYMANOV
0