Fariz Nəcəfov: Ondan xahiş etdik ki...
16.05.2013 - 12:20
Fariz Nəcəfov: Ondan xahiş etdik ki...
“Əsas komandamızda baş məşqçi əvəzi olan Luis Araqonla yollarımızı ayırmaq fikrimiz yoxdur. Bizim onunla hələ 1 illik müqaviləmiz var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Ramiz Məmmədovun istefaya göndərilməsindən sonra baş məşqçi postunu müvəqqəti Luis Araqona tapşıran qəbələlilər onun işindən razıdırlar.

Nəcəfovun sözlərinə görə, ötən yaydan əvəzedicilərin baş məşqçisi olan Araqonun gedişi gündəmdə deyil: “O, ötən yay klubumuza gələndə, 2 illik müqavilə bağladıq. Qalan 1 ilə əsasən əməkdaşlığı davam etdirəcəyik. Araqonun özü də getmək istəyi ilə bağlı bizə müraciət etməyib. Ramiz Məmmədovun gedişindən sonra ondan xahiş etdik ki, mövsümü qalan oyunlarında əsas komandaya rəhbərlik etsin. Bunu həm də ona görə etdik ki, medallara iddiamız qalmayandan sonra əsas komandada bir neçə öz yetirməmizi oynatmaq istəyirdik. Həmin gəncləri isə birgə işlədiyi vaxtdan ən yaxşı tanıyan Araqon olduğundan, o oynadacaqdı”.

Vitse-prezident ispaniyalı mütəxəssisin start heyətində güvəndiyi yarımmüdafiəçi Tərzin Cahangirovdan xüsusilə razı qalıb: “Hesab edirəm ki, biz son oyunlarda Tərzini qazandıq. O, çox yaxşı təsir bağışladı. Akademiyamızın direktoru hollandiyalı, əsas komandamızın baş məşqçisi rusiyalı olmağı ispaniyalı mütəxəssisdən imtina edəcəyimiz demək deyil. Bəli, Akademiyamızda hansı sistem olacaqsa, əsas komandaya kimi bütün komandalarımız həmin sistemlə oynayacaq. Ancaq bu, indinin yox, gələcəyin, 3-5 ilin işidir. Yəni əsas komandamızda yeni baş məşqçi təyinatı olandan sonra Araqon əvəzedicilərə qayıdıb işini davam etdirəcək”.

Qeyd edək ki, bir müddət öncə Stenli Brandı Akademiyasına direktor təyin edən “Qəbələ” baş məşqçisi postuna tanınmış rusiyalı mütəxəssis Yuri Syomini gətirmək fikrindədir.

Mehman SÜLEYMANOV