Futbolçularımızın sabiq baş məşqçisi Cihan Özkaranı çalışdıra bilər
16.05.2013 - 16:52
Futbolçularımızın sabiq baş məşqçisi Cihan Özkaranı çalışdıra bilər
Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”da baş məşqçi dəyişikliyi baş tuta bilər. Apasport.az saytının məlumatına görə, ötən tur “Karabükspor”la oyundan sonra Rza Çalımbayın komandadan getmək istəyinə dair açıqlamalar verməsi klub rəhbərliyini məşqçi axtarışlarına başlamağa sövq edib.

“Sivasspor” rəhbərliyinin ilk namizədinin isə əvvəllər 2 dəfə çempionluğa oynayan komanda yaratmış sabiq çalışdırıcıları Bülənt Uyğun olduğu bildirilir. Cari mövsüm “Qaziantepspor”u elitada saxlamağı bacaran Uyğunun da keçmiş komandasına qayıtmaqda maraqlı olduğu bildirilir.

Qeyd edək ki, hazırda “Qarabağ”da çıxış edən Rəşad Sadıqovla İlqar Qurbanov vaxtilə Bülənt Uyğunun rəhbərliyi altında çıxış edib. İlqardan fərqli, Rəşad bu məşqçi ilə “Əskişəhərspor”da tanış olub. Məhz Uyğun Rza Çalımbayın yerinə gəldikdən sonra futbolçumuza oynamaq imkanı yaratmışdı.