Yurgen Klopp: Hər iki komanda çox güclüdür
25.05.2013 - 00:05
Yurgen Klopp: Hər iki komanda çox güclüdür
“Oyunun necə keçəcəyini və hansı komandanın daha güclü olduğunu düşünmürəm. İki komanda da çox güclüdür və buna görə də finaldadırlar. Futbolçularım da bu ifadələri işlətdi. Kiçik imkanlar oyunun taleyini həll edəcək. Bu imkanlardan da yararlanmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Kloppa məxsusdur.

Almaniyalı çalışdırıcı Çempionlar Liqasının finalında “Bavariya” ilə qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında iştirak edib.

Klopp növbəti mövsüm Münhen klubunda çıxış edəcək Qötsenin bu qarşılaşmada iştirak etməməsinə də şərh verib: “Mario “Real”la oyundan sonra ciddi zədə ilə üzləşdi. Hər şeyi sınadıq Qötsenin oynaya bilməsi üçün, amma alınmadı. O, oynamaq imkanı əldə etsəydi, sürpriz olacaqdır. 3-4 həftədir Marionun meydana çıxmayacağını bilirdik, lakin bu, bizim üçün sürpriz olmadı. “Bavariya”nın futbolçuları nə düşünür, onu mən bilmərəm. Yenə məğlub olsalar, üzərilərində təzyiq olacaq. Oxşar təzyiqi bizim də hiss etməyimiz lazımdır”.

Təcrübəli mütəxəssis hər iki şəhər haqında da danışıb: “Dortmund gözəl bir yerdir. Klubu kiçik hesab etmək istəmirəm. Bəlkə, bura çox gözəl bir şəhər deyil, amma yaşamaq üçün əla bir yerdir. Burada da istirahət və əylənə bilərsən. Dortmunda gəlsəniz sizə ən gözəl yerləri göstərə bilərəm. Bizim şəhərimizdə futbol fərqlidir. Həmçinin Münhen də elədir. “Bavariya” həmişə zirvə üçün mübarizə aparıb. Onların hər zaman yaxşı oyunçular almaq üçün pulları vardı. Almaniyada bu müvəffəqiyyəti davam etdirə biləcək digər klublar da var”.