Flavinyo: Karyeramda belə şey olmamışdı
30.05.2013 - 12:50
Flavinyo: Karyeramda belə şey olmamışdı
“Xəzər Lənkəran”la final oyunumuz çox ağır keçdi. Rəqib daha çox qapanıb, müdafiə olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo deyib.

Braziliyalı legioner Azərbaycan kubokunun “Xəzər Lənkəran”la final matçından sonra həmvətənlərinin də diqqət mərkəzinə düşüb.

Cənubi amerikalı həmkarlarımız yarımmüdafiəçinin final matçı ilə bağlı fikirlərini öyrənməyi lazım bilib: “Biz oyunboyu hücum futbolu göstərib qol vurmağa çalışırdıq. Hətta bəzi qol imkanlarımız da oldu. Lakin vura bilmədik. Karyeram ərzində belə şey olmamışdı ki, finalda penaltilər seriyası vuraq. 3-cü penaltini vurmağa gedəndə əsəbi idim. Topa və nöqtəyə yaxınlaşanda daxili gərginlik hiss edirdim. Amma yenə də əmin idim ki, çox istədiyim qolu vuracağam. Mən qapının elə bir küncünü seçib zərbə vurdum ki, qapıçı istiqaməti düz tapsa belə qol oldu. İyunun sonuna kimi məzuniyyətdə olacağam. Ailəmlə birlikdə Matu-Qrosu-de-Sul ştatında istirahət etməyi düşünürəm”.

Qeyd edək ki, qolsuz bitən matçın penaltilər seriyasındakı 5:3 hesablı qələbə sayəsində “Neftçi” 5-ci, Flavinyo ilk dəfə Azərbaycan kubokunu qazanıb.