“Şanslar 60-40-a “Neftçi”nin xeyrinədi” – MÜSAHİBƏ
15.07.2013 - 17:38
“Şanslar 60-40-a “Neftçi”nin xeyrinədi” – MÜSAHİBƏ
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində oynayacağı Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Oqres Şehi vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, Albaniya yığmasının da üzvü olan qapıçı iyulun 17-də Bakıda keçirəcəkləri matçda şansları dəyərləndirib.

- İlk oyuna hazırlıq necə gedir?
- Fikrimcə, biz düzgün yoldayıq. Avstriyadan qayıtdıqdan “Tropikal Resort”da yığışmışıq. Məşqlər zamanı bütün futbolçular yaxşı formadadır.

- Avstriyada keçirdiyiniz bir neçə yoxlama oyunu heç də yaxşı nəticələnmədi. Nə baş verdi?
- Bütün bunlar yalnız yoldaşlıq görüşləri idi. Məşqçilər belə oyunlarda çoxlu futbolçulardan istifadə edir, daim əsas heyətdən yararlanmır. Ancaq biz onu unutmamalıyıq ki, “Şaxtyor”, “Enerji” kimi komandalarla oynadıq. Onlar oyun planında bizdən üstündür, tanınmış klublardır. Oyunda bir neçə dəqiqə ərzində meydanda rəqiblərlə bərabər səviyyədə idik. Ancaq ümumilikdə səviyyə fərqi aşkar idi. “Enerji” ilə matçımız toplanışında son oyunumuz olduğundan, dəqiq konsentrasiya ola bilmədik. Ancaq düşünürəm ki, bu oyunlar bizim üçün faydalı oldu.

- Sizin kimi çox təcrübəli qapıçı 5 oyunda 16 qol buraxdı. Özünüzü necə hiss edirdiniz?
- Əgər sən uduzursansa, heç vaxt özünü yaxşı hiss etmirsən. Fərqi yoxdur, bu, yoldaşlıq, yoxsa rəsmi matçdır. Bundan əlavə, qol buraxdığımız epizodlarda ciddi səhvlərə yol verdik. Mən hamı kimi pis oldum.

- Çempionlar Liqasında rəqibiniz olan “Neftçi” haqda hansı informasiyanız var?
- Bu komanda ilə maraqlanmışıq. Hətta 2 dəfə bütün futbolçular “Neftçi”nin matçları olan diskləri izləmişik. Onu deyə bilərəm ki, rəqib bizdən bir az üstündür. Ancaq bu, o demək deyil ki, əlimizi yana salmalıyıq. Çünki biz ölkəmizin çempionu sayılırıq və bütün şanslarımız var. Hazırda “Skendebeu” orta sahəsinə görə Albaniyada ən yaxşı komanda sayılır.

- Bunu Avropa oyunları zamanı önəmli amil saymaq olar?
- Biz yay transfert dövründə heyəti gücləndirmək üçün bir neçə səviyyəli futbolçu aldıq. Onlar belə oyunlar lazımlı transferlərdir. Əlbəttə, yaxşı oyun yarımmüdafiənin yalnız keyfiyyətli oyunçularından yox, bütün komandadan asılıdır. Biz kompakt komandayıq və təlim-məşq toplanışları zamanı bütün xətlər üzrə çalışmışıq.

- Plakunun gedişi hücum xəttinə təsir edəcək?
- Mən bu məsələ haqda çox eşitmişəm. Onu sizə deyim ki, o, komandamızın futbolçularından yüksəkdə deyildi. O, keyfiyyətli oyunçu idi, kollektivə yetərincə yaxşı uyğunlaşmışdı. Hücumçunun gedişi komandaya təsir etməyəcək. Hamı öz faydasını verib. Futbol həyatı belədir. Sabah mən də gedə bilərəm. Ancaq bu, o demək deyil ki, komanda öz səviyyəsini itirir.

- Azərbaycanlılar ilk oyunda öz meydanında çıxış edəcək. Bu fakt nəyi göstərir?
- Düşünmürəm ki, bu, bizim əleyhimizədir. İnanmıram ki, meydan amili oyunun gedişində həlledici oldun. Oyunun yüksək səviyyədə olanda, komandanı həm evdə, həm də səfərdə cəzalandıra bilərsən. Bununla belə, cavab matçını evdə keçirəcəyimiz bizim üçün müsbət cəhətdir. Biz təslim olmayacağıq. Növbəti mərhələyə çıxmaq üçün sona kimi oynayacağıq.

- Üçüncü təsnifat mərhələsinə çıxmağa nə dərəcədə real şansınız var?
- Fikrimcə, 40 faiz şansımız var. Qalan 60 faiz isə çoxlu səbəbdən “Neftçi”nin xeyrinədir.