“Qarabağ”ın rəqibinin səhlənkarlığı
16.07.2013 - 08:49
“Qarabağ”ın rəqibinin səhlənkarlığı
Avropa Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Polşa “Pyast”ının Azərbaycana viza almaqda çətinliklə üzləşməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Qlivitsa təmsilçisi sənəd işlərinə cavabdeh əməkdaşının səhlənkarlığı üzündən əziyyət çəkir.

Belə ki, iyulun 18-də baş tutacaq matçda iştirak edən Bakıya gəlməli olan futbolçu, məşqçi və rəsmilərin viza almaq üçün lazım olan sənədləri həddən artıq gec yığılıb. Bu işə məsul klub rəsmisi yalnız iyulun 11-də sənədləri toplamağa başlayıb. Bunun isə gec olduğunu iddia edən polşalılar məhz bu əməkdaş üzündən problem yarandığını düşünür.

Qeyd edək ki, “Pyast”ın bu gün səhər tezdən çarter reysi ilə ölkəmizə səfəri nəzərdə tutulmuşdu. Lakin viza ala bilməyən polşalılar məsələni günün ikinci yarısında həll etmək arzusundadır.