“Azərbaycandan aldığım təklif bu şərtə cavab vermirdi”
16.07.2013 - 10:57
“Azərbaycandan aldığım təklif bu şərtə cavab vermirdi”
“Mənə İsrail, Azərbaycan və Portuqaliyadan təkliflər vardı”. Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın yeni transferi Eliu Pintu deyib.

Portuqaliyalı mərkəz yarımmüdafiəçisi Kiprin APOEL klubunda 7 illik uğurlu karyeradan sonra ötən ayın 21-də Polşanın “Legiya” klubuna keçib. Tam adı Eliu Joze Ribeyru Pintu olan futbolçu Varşava təmsilçisi ilə “2+1” illik müqavilə imzalayıb.

29 yaşlı futbolçu polşalı jurnalistlərə verdiyi müsahibəsində başqa ölkə klublarının təkliflərini niyə qəbul etmədiyinə aydınlıq gətirib: “Mən həmişə o klubda oynamaq istəmişəm ki, titul uğrunda mübarizə aparsın. Ancaq təklif aldığım klubların heç biri bu şərtlərə cavab vermirdi. Mən turnir cədvəlinin ortalarında qərarlaşan və ya yerini qorumağa çalışan komandada oynamaq istəmədim. “Legiya”nın təklifi isə mənə daha çox cəlbedici gəldi. Onlar istəyir ki, avrokuboklarda mümkün qədər uzağa getsinlər”.

Qeyd edək ki, “Portimonense” və “Benfika”nın yetirməsi olan Eliu Pintu ötən il Avroliqanın pley-off mərhələsində “Neftçi”yə qarşı oynayıb. O həm Bakıda, həm də Nikosiyadakı görüşlərdə təmsilçimizə qarşı start heyətdə mübarizə aparıb.