39-cu
16.07.2013 - 13:47
39-cu
Çempionlar Liqasının sabah keçiriləcək ilk oyununda “Skenderbeu”nu qəbul edəcək “Neftçi” Albaniya təmsilçisi ilə qarşılaşacaq ilk komandamız olacaq. Apasport.az saytının məlumatına görə, avrokuboklarda 2 ölkə təmsilçisinin ilk dueli ilə klublarımızın rəqiblərinin siyahısı genişlənir.

1994-cü ildə qitə səhnəsinə çıxan təmsilçilərimiz indiyədək 38 ölkədən olan klublarla görüşüb. 1999-cu ildə “Neftçi”nin qarşılaşdığı “Srvena Zvezda”nın təmsil etdiyi ölkə isə artıq yoxdur. Həmin vaxt Yuqoslaviya kimi qəbul etdiyi ölkə, sonradan 1 müddət də Serbiya və Monteneqro adını daşıdıqdan sonra artıq 2 yerə parçalanıb. Rəqiblərimiz sırasında bu ölkəni deyil, məhz Belqrad təmsilçisinin aid olduğu Serbiyanı saymaqla 38 rəqəmi qeydə alınır.

Bu isə o deməkdir ki, Albaniya bu siyahıda 39-cu ölkə olacaq. Təbii ki, sabiq Yuqoslaviyanı ayrıca saymamaq şərtilə. Əks halda isə bu rəqəm 40-a çatır. Bu ölkələr arasında ən çox qarşılaşdığımız isə Polşadır. “Qarabağ”a rəqib olan “Pyast” 2 ölkə təmsilçilərinin artıq 11-ci 2 matçlıq duelini gerçəkləşdirəcək.

Avrokuboklarda 53 ölkə təmsilçiləri çıxış edir. Bu da o deməkdir ki, Azərbaycan klubları 52 ölkədən olan rəqiblərlə üz-üzə gələ bilər. Avro-2008-in seçmə mərhələsində Azərbaycan və Ermənistan yığmalarının oyunlarını təşkil edə bilməməklə nüfuzunu zərbə alan UEFA bundan sonra çətin ki, klublarımızın üz-üzə gəlməsinə imkan versin. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, 51 ölkə ilə qarşılaşmaq imkanı olan klublarımız artıq 39-cu ilə üz-üzə gələcək. Yəni cəmi 12 ölkə klubları hələ Azərbaycana gəlməyib. Bunlar İspaniya, İngiltərə, Portuqaliya, İsveç, Şotlandiya, Macarıstan, Qazaxıstan, İrlandiya, Lüksemburq, Lixtenşteyn, Albaniya, San-Marino, Andorradır.