“Komandaların şansı bərabərdir”
16.07.2013 - 18:34
“Komandaların şansı bərabərdir”
Avropa Liqasının I təsnifat mərhələsində “Mariehamn”la keçirilən ilk oyunda zədə almış “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov vəziyyəti ilə bağlı klubun saytına danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu qitə miqyaslı klub turnirinin II təsnifat mərhələsi çərçivəsində “Tromso” ilə baş tutacaq oyun haqqında fikirlərini bölüşüb.

O bildirib ki, Norveç klubu ilə reallaşacaq ilk görüşdə münasib nəticə əldə etməyə çalışacağıq: “Komanda ilə məşq edirəm, həkimlər də tez bir zamanda bərpa olmağım üçün əllərindən gələni edirlər. Hələlik ağrılar hiss edirəm və “Tromso” ilə oyunda meydançaya çıxacağımı bilmirəm. Meydançaya çıxmağı istəyirəm, lakin digər faktları da nəzərə almaq lazımdır. Rəqibimiz fiziki keyfiyyətləri ilə fərqlənir, Norveç klubunun heyətində hündürboylu futbolçular çoxdur. Onlar cinahlar vasitəsilə oyuna əsaslanan Britaniya futbol tərzinə üstünlük verirlər. Amma hesab edirəm ki, bu rəqiblə oynamaq olar və qələbə qazanmaq da mümkündür. Komandaların şansı bərabərdir, biz ilk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq”.