“Rəvan” Türkiyə Superliqası klubu ilə qarşılaşacaq
17.07.2013 - 10:58
“Rəvan” Türkiyə Superliqası klubu ilə qarşılaşacaq
Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan”ın adıçəkilən ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərin adlarına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Mariborda ən azı 3 yoldaşlıq görüşü keçirəcək.

İlk oyun bu gün keçiriləcək. “Rəvan”ın ilk sparrinq-rəqibi yerli klublardan "Aluminiy” olacaq. Ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş Kidriçevo təmsilçisi ilə oyun yerli vaxtla saat 18:00-da başlayacaq.

Ardından iyulun 21-də Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə matç olacaq. 3 gün sonra isə Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” rəqib qismində çıxış edəcək. Bu oyunlar da yerli vaxtla saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Rəvan”ın Mariborda daha 1 yoxlama matçı keçirmək ehtimalı var. Bu yöndə danışıqlar davam etdirilir.