Eyni hesabın qeydə alındığı gün
17.07.2013 - 16:18
Eyni hesabın qeydə alındığı gün
Avropa Liqasının II təsnifat mərhələsində çıxış edən Azərbaycan klublarının üçü də ilk oyununu iyulun 18-də keçirəcək. Apasport.az saytının məlumatına görə, sabahkı tarix komandalarımız üçün o qədər də uğurlu sayılmır.

Belə ki, 1994-cü ildə qitə səhnəsində debüt edən təmsilçilərimiz 19 illik avrokubok tarixində heç vaxt iyulun 18-də sevinməyib. İndiyədək 2 dəfə həmin gün komandamıza azarkeşlik etməli olmuşuq. Hətta bu görüşlərin birində təmsilçimiz qalib gəlib. Amma bu qələbə sevinc gətirməyib.

Məsələ ondadır ki, 7 il əvvəl Çempionlar liqasında çıxış edən “Bakı” Fərid Quliyevin vurduğu yeganə qolla “Sioni”ni 1:0 hesabı ilə məğlub etmişdi. Lakin bu qələbə mərhələ keçməyə yetərli deyildi. Səfərdə 2 cavabsız qol buraxan təmsilçimiz Bakıda vəzifəsinin öhdəsindən gələ bilməyərək mübarizəni 1:0 hesablı qələbə ilə dayandırdı.

Bundan 5 il əvvəlki hadisə də Çempionlar liqasının cavab oyununda qeydə alınmışdı. Həmin vaxt da Bakıdakı görüşdə 1 qol vurulmuşdu. Elə onda da Uelsdəki 0:2 hesablı məğlubiyyətin əvəzi çıxmalı idi. Lakin “Şəmkir” bunu bacarmayıb, ev oyununda da uduzdu. Lakin bu dəfə 0:1 hesabı ilə.

İndi isə birdən-birə 3 təmsilçimiz meydana çıxacaq. Özü də Çempionlar Liqası deyil, Avropa Liqasında. Həm də cavab oyunları çərçivəsində yox, ilk oyunlarda. “Şəmkir” və “Bakı” kimi “Qarabağ” da evdə oynayacaq. Ağdamlılar Polşanın “Pyast” klubunu sınağa çəkəcək.

“Xəzər Lənkəran”la “İnter” isə səfərdə meydana çıxacaq. Cənublular Hayfada İsrail “Makkabi”sinin, paytaxt təmsilçisi isə Norveçdə “Tromse”nin qonağı olacaq.