Tuyqun Nadirov: Bu dəfə haqsızlıq olmayacaq
17.07.2013 - 23:01
Tuyqun Nadirov: Bu dəfə haqsızlıq olmayacaq
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanız bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsraildə “Makkabi” ilə ilk oyuna çıxacaq. Düşərgədə əhval-ruhiyyə necədir?
- Yüksək səviyyədə. Komandamız birinci mərhələdəki oyunla müqayisədə daha hazırlıqlıdı. Belə deyək, onda heyət “oturuşmamışdı”. Bildiyiniz kimi, “Slima” ilk görüşün vaxtı dəyişdirildi. Nəticədə planlarımız pozulmuşdu. Ancaq indi komanda qurulan plan əsasında çalışır. Həmin planın bir bəndi o idi ki, oyun keçiriləcək məkana - İsrailə daha erkən gəlib adaptasiya keçmək, hazırlaşmaqdı. Belə deyək ki, hər şey qaydasındadır, komanda oyuna hazırdır.

- 2 il öncə də Avropa Liqasında “Makkabi” ilə ilk oyunu keçirmək üçün İsrailə gəlmişdiniz. Ancaq həmin vaxt Hayfada yox, Təl-Əvivdə idiniz. Ümumiyyətlə, İsraildə bu dəfə “Xəzər Lənkəran”ı necə qarşıladılar, münasibət, diqqət necədir?
- Yaxşı. Komandamızı həm hava limanında, həm məskunlaşdığımız oteldə xoş münasibətlə qarşıladılar.

- Püşkatmaya əsasən Hayfa təmsilçisi ilə ilk görüşünüz Lənkəranda olsa da, sonradan səfərə keçirildi. Bu, planlarınıza nə dərəcədə təsir göstərdi? Sizcə, güclü rəqiblə ilk matçı səfərdə keçirmək yaxşıdır, yoxsa?
- Komanda yaxşı oynayırsa, ilk matçın evdə, yoxsa səfərdə keçirməyin fərqi olmamalıdı. Mənə elə gəlir ki, hazırkı vəziyyətə görə ilk oyunun səfərdə olmağı bəlkə də daha yaxşıdı. Əsas odur ki, komanda rəqibə ciddi, güclü motivasiya ilə yanaşsın. Baş məşqçi fiziki, taktiki hazırlıq keçir. Biz də klub rəhbərliyi olaraq onlara yüksək şərait yaradırıq.

- Hayfada elə bir nəticə olmalıdı ki, cavab matçı formallığa çevrilməsin. Necə ki, Təl-Əviv “Makkabi”si 2 il öncə öz meydanında 3:1 hesabı ilə qalib gəlməklə mərhələ keçmək vəzifəsini yerinə yetirmişdi...
- Həmin oyunda hakimin çox ədalətsiz, absurd qərarları olmuşdu və biz bununla bağlı FİFA-ya da şikayət elədik. Elə bilirəm ki, həmin vaxtdan bu günə kimi dəyişiklik olub. Hər halda, FİFA da hakim işlərinə, təyinatlarına daha ciddi yanaşır. Fikrimcə, bu dəfə hansısa haqsızlıq olmayacaq. Komandamızın gözəl oyun nümayiş etdirib hamını - klub rəhbərliyini və azarkeşləri sevindirəcəyinə inanıram.

- İndiki “Xəzər Lənkəran” vaxtilə Çempionlar Liqasının qrupunda oynamış “Makkabi”ni mübarizədən kənarlaşdırıb, sürpriz etmək gücündədir?
- Baş məşqçimiz Con Toşak güclü mütəxəssisdir. Bu, ən böyük inam mənbəyidir ki, komanda həqiqətən hər bir uğura imza ata bilər. İsraildə tək “Xəzər Lənkəran”ı yox, Azərbaycanı təmsil edirik. Elə fikirləşirəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək.

- İlk oyunda hansı nəticəni qənaətbəxş sayırsınız?
- Oyunöncəsi nəticə barədə danışmağı sevmirəm.

- Görüşdən bir gün sonra UEFA-da III təsnifat mərhələsinin püşkatması keçiriləcək. Yəqin ki, orada yenə nümayəndəniz olacaq...
- Təbii ki. Bundan öncəki püşkatmada klubun direktoru Höccət Hacıyevlə lisenziyalaşdırma üzrə menecer Elvin İsmixanov iştirak etmişdilər. Hər halda, klub prezidenti tərəfindən kim məsləhət bilinəcək, o da gedəcək.

- Cavab matçınadək növbəti potensial rəqibin bilinməyi nə qədər diqqət mərkəzinizdə olacaq? III təsnifat mərhələsində daha güclü rəqiblər yer alacaq...
- Bilmək olmaz. Bu, mərhələlərdən asılıdır. Bir də görürsən ki, indi Hayfa “Makkabi”si ilə oynayırsan, ondan sonrakı rəqib digər 2 zəif komandanın duelinin qalibidir. Yəni, III mərhələdə yetərincə rəqiblər də olacaq ki, onlar həm “Makkabi”dən, həm də bizdən zəifdirlər.