Marçin Broş: Bu, “Qarabağ”la oyunda bizim üçün bəhanə deyil – MÜSAHİBƏ
17.07.2013 - 19:59
Marçin Broş: Bu, “Qarabağ”la oyunda bizim üçün bəhanə deyil – MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan sonra Polşanın “Pyast” klubunun çalışdırıcısı Marçin Broşun mətbuat konfransı təşkil olunub. Apasport.az saytının məlumatına görə, polşalı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionundakı matç öncəsi fikirlərini bildirib.

- Bakıda olduğuma görə çox şadam. Sizləri xoş gördük. Əvvəla, qonaqpərvərliyinizə görə sizlərə minnətdarlıq edirəm. Bilirəm ki, “Qarabağ”da yaxşı futbolçular oynayır. Biz də sabahkı oyuna yetərincə hazırlaşmışıq. Burda yaxşı nəticə qazanıb, evdə mərhələ keçməyə çalışacağıq.

- Polşa mətbuatına müsahibələrdə bir çox şeylərdən şikayətlənmisiniz. Bu, məğlubiyyəti sığortalamaq məqsədi daşımır ki?
- Bildiyiniz kimi, ölkələrimiz arasında havanın temperaturunda fərq var. Yetərincə hazırlaşmışıq. Bu, bəhanə deyil.

- İki futbolçunuz Bakıya gəlməyib. Bunu problem sayırsız?
- Onlar gəlməsə də, heyətimizdə yetərincə hazır futbolçular var. Onlara şans verəcəyik ki, özlərini göstərsinlər.

- “Qarabağ”ın oyun üslubu haqda nə deyə bilərsiniz?
- Rəqibimiz əvvəl də Avropa Liqasında iştirak edib. Onun heyətində çoxlu güclü futbolçuları var. Onlar Azərbaycan millisində də oynayırlar. Bundan əlavə, Albaniya yığmasında oynayan Admir Telinin də güclü futbolçu olduğunu qeyd etmək lazımdır. Kapitan Rəşad Sadıqovun “Qarabağ”da olmağı ona güc verir. Onun millidə çox oyun keçirməyi bunun göstəricisidir. Yarımmüdafiənin sol cinahında oynayan Reynaldo hücuma böyük dəstək verəcək.

- Bakıdakı oyunda hansı nəticə sizi qane edəcək?
- Rəqibə hörmətlə yanaşırıq. Ancaq Bakıdan nəticə ilə qayıtmaq istəyirik.

- “Qarabağ”ın 2 il öncə “Visla”nı mübarizədən kənarlaşdırmağı sizi çəkindirmir?
- Biz bu gün və sabah haqda düşünürük. Keçmiş bizi maraqlandırmır. Biz optimistik.

Mehman SÜLEYMANOV