“Xəzər Lənkəran” “Makkabi”yə məğlub oldu
18.07.2013 - 22:48
“Xəzər Lənkəran” “Makkabi”yə məğlub oldu
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “Xəzər Lənkəran” ilk görüşünə səfərdə çıxıb.

I təsnifat mərhələsində Malta “Slima”sını sıradan çıxaran cənublular bu dəfə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşıb. Güclü rəqib qarşısında baş məşqçi Con Toşakın yetirmələri 36 dəqiqə qapısını toxunulmaz saxlaya bilib.

Hayfa şəhərinin “Kiryat Eliezer” stadionunda baş tutan oyunda ilk qol Ezranın fərdi ustalığı sayəsində vurulub. Fasilədən sonra isə müdafiəçilərimizin kobud səhvi daha bir qolla nəticələnib. Beləliklə hər hissədə 1 qol vuran hayfalılar “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının I təsnifat mərhələsində “Slima” ilə səfərdə 1:1 hesablı bərabərə qalmışdı. Lənkəranda keçirilən matçda isə “ağ-yaşıllar” maltalıları minimal hesabla məğlub etmişdi.

Avropa Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
18 iyul

“Makkabi” (İsrail) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - 2:0
QOLLAR: Ezra, 37, Turgeman, 55
Hayfa. “Kiryat Eliezer” stadionu
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Makkabi33. Boyan Şaranov, 13. Taleb Tvatiha, 21. Dekel Keynan, 27. Eyal Meşumar, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Ruben Rayos, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k)
Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Samuel Şeymann, 8. Elad Qabai, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 14. Sintayehu Sallalix, 17. İsmail Ralyan
Baş məşqçi: Arik Benado

Xəzər Lənkəran: 30. Toni Doblas, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 12. Junior Nildo
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 9. Uğur Pamuk, 5. Elnur Allahverdiyev, 16. Adrian Pit, 17. Kazım Kazımlı
Baş məşqçi: Con Toşak

Oyun başladı.
İlk hücum cəhdi Lənkəran təmsilçisindən gəldi. Lakin rəqib qapısında təhlükə yaratmaq mümkün olmadı.
Ederin kobud səhvindən sonra qonaqları Doblas xilas etdi. Onun arxaya ötürməsini rəqib ələ keçirməyə yaxın olsa da qapıçı onu qabaqladı.
Rayosun künc zərbəsindən sonra Keynan qapı istiqamətində zərbə endirdi.
Abuhazira Ramaldanova qarşı kobudluq etdi.
Meydan sahibləri ofsayddan topu qapıya göndərdi. Ezra oyundankənar vəziyyətdə idi.
Tounkaranın topu itirməsindən sonra Rayosun uzaq zərbəsini Doblas tuta bildi.
Todorov Turqemana qarşısını kobudluqla aldı.
Orsuliç cərimə meydanındakı qarışıqlıqda cəld tərpənib topu uzaqlaşdırdı.
21-ci dəqiqədə təhlükəli uzaq zərbəni Doblas qaytardı.
Ezranın uzaq zərbəsi qapının üstündən keçdi.
Təhlükəli cərimə zərbəsindən sonra topu cərimə meydançasından Skarlatake uzaqlaşdırdı.
Sürətli əks hücum zamanı Sadio qaydanı pozdu.
Ederə qarşı qayda pozuntusu.
Lənkəranlıların qapısı önündə növbəti təhlükə. Əvvəl müdafiəçilər topu küncə çıxardı. Künc zərbəsindən sonra isə Doblas yaxın məsafədən qapıya vurulan topu tutdu.
Təmsilçimizin hücumu zamanı künc zərbəsindən yaxşı istifadə etmək mümkün olmadı.
Meydan sahiblərindən daha bir təhlükə. Güclü zərbədən sonra top Ramaldanova dəyib küncə çıxdı.
Hayfalılar hesabı açdı. Ezra fərdi ustalığı sayəsində irəliləyərək cinahla şığıyıb cərimə meydanına daxil olaraq iti bucaqdan qol vurdu.
Sadio bərabərlik şansını qaçırdı. İsraillərin qoluna bənzər epizodda meydan sahiblərini qapıçı xilas etdi.
Lənkəranlıların hücumu zamanı topu ələ keçirən meydan sahibləri təhlükəli əks həmlə təşkil edir. Rayosun zərbəsindən sonra top oyunçumuza dəyib qapının üstündən keçdi.
İlk yarı başa çatdı, Komandalar fasiləyə yollandı.

İkinci hissə başladı.
Toşak Piti meydana buraxdı. Rumıniyalı Orsuliçi əvəzlədi.
İkinci hissəyə də meydan sahibləri daha fəal başlayır.
Lakin təmsilçimizin əks hücumu daha təhlükəli alına bilərdi. Amma qapıçı qabağa çıxıb topa sahib oldu.
Nildo qol imkanını qaçırdı. Rəqibin hücumu zamanı topu ələ keçirən Pit mərkəzə qədər irəliləyib Nildoya ötürmə etdi. Qarşısında boşluq olan Junior isə qapıçının qarşısına qədər irəliləsə də arxadan gələn müdafiəçilər ona zərbə vurmaq imkanı vermədi.
Meydan sahiblərinin hücumu zamanı Todorov topu Doblasa ötürməklə təhlükənin qarşısını aldı.
Hücum zamanı fərdi oyuna üstünlük verən Sadionun topu itirməsi israillilərin qolu ilə nəticələnəcəkdi.
Lakin iki müdafiəçiyə qarşı qalan Katanla Abuhazira sonuncunun ayaqlarının bir-birinə dolaşmasından sonra topu itirdi.
Az keçməmiş Todorovun cinahdakı səhvindən sonra topa yiyələnən Turgeman dərhal zərbə endirməklə ikinci qolun müəllifi oldu.
Sol cinahdan asmadan sonra Turgemanın baş zərbəsi qapının üstündən keçdi.
Turgemanın qoluna Doblas mane oldu. Onun ötürməsindən sonra futbolçumuza dəyən top özünə qayıtdı. Onun güclü zərbəsini isə Toni qapı xəttindən çıxardı.
Toşakdan daha bir əvəzetmə: Todorovu Vanderson əvəzləyir.
Oyunun ən yaxşılarından olan Doblas yenə qola imkan vermədi. Bu dəfə ispaniyalı Tvatihanın zərbəsini qaytardı.
Nildo hücumda qaydanı pozdu.
Sonuncu əvəzetmə: Ederi Allahverdiyev əvəzlədi.
Hücum zamanı yenə Nildo zərbə vurmağa gecikdi.
Növbəti hücumda Sadionun asması qapıçının üstünə getdi.
Rayosun zərbəsindən sonra top lənkəranlı futbolçuya dəyib qapı xəttindən çıxdı. Künc zərbəsi. Futbolçularımız təhlükəni sovuşdurdu.
Lakin az keçməmiş israillilər 3-cü qola yaxın idi. Müdafiəçilərimiz topu uzaqlaşdırdı.
Nildo əlverişli qol imkanı əldə etsə də yaxşı zərbə vurmağı bacarmadı.
Az sonra Tounkaranın uzaqdan güclü zərbəsi düz qapıçının üstünə getdi.
Təmsilçimizin təhlükəli hücumu alına bilərdi. lakin Nildo yenə ləngidi və sonda qaydanı pozdu.
Allahverdiyev oyunda ilk sarı vərəqənin aldı. O rəqibi cərimə meydanının xəttinin üstündə kobudluqla dayandırdı.
Oyuna 3 dəqiqə əlavə olundu.
Qarşılaşma başa çatdı.