“Qarabağ” ilk dəqiqələrdən irəli atılmayacaq”
18.07.2013 - 10:30
“Qarabağ” ilk dəqiqələrdən irəli atılmayacaq”
“Simurq”da çıxış etdiyim vaxt Qarabağ”a qarşı 2-3 oyunumuz olub. 1:2 hesabı ilə uduzduğumuz matç yadımdadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Marçın Burkhardt deyib.

Polşalı futbolçu Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Pyast” oyunu ərəfəsində həmyerlilərinə məsləhətlərini verib. Ağdam təmsilçisinin güclü tərəflərini açıqlayan hücumçu “Pyast”ın işinin çox çətin olacağını bildirib: “Qarabağ” çox güclü komandadır. Onların əla müdafiəçiləri və yaxşı yarımmüdafiə xətti var. Onlar texnikalı, baxımlı oyun göstərir, topla rəftar etməyi bacarır. Əvvəllər biz Azərbaycan futboluna gülə bilərdik. İndi isə artıq belə deyil. Hətta ispaniyalılar da bu ölkədə futbol oynayır. İnanmıram ki, ağdamlılar ilk dəqiqələrdən kor-koranə irəli atılsın. Bu komanda ağılla, təmkinlə oynayır. Azərbaycan təmsilçisi topa nəzarət etməklə təhlükəli hücumlar da təşkil edir. Onlar müdafiə olunarkən topu hara gəldi vurmurlar. Əgər “Qarabağ” Polşa çempionatında oynasaydı, onlar daim ilk “5-likdə yer alardı”.

Qeyd edək ki, “Qarabağ”la “Pyast” arasındakı ilk oyun bu gün keçiriləcək.