90-cı oyun
18.07.2013 - 10:52
90-cı oyun
Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Skenderbeu” qarşılaşması yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu görüş Azərbaycan klublarının avrokuboklarda baş tutan 90-cı ev oyunu kimi tarixə düşüb.

1994-cü ildə “Turan”ıən Sumqayıtda Türkiyə “Fənərbaxça”sına 0:2 hesablı məğlubiyyəti ilə başlayan bu tarixdə komandalarımız 29 qələbə qazanıb, 27 heç-heçə edib və 34 dəfə uduzub. 84 qol vuran futbolçularımız əcnəbilərin Azərbaycan stadionlarındakı 106 qoluna şahid olub.

Yubiley – 30-cu qələbəni qazanmaq imkanını əldən verən bakılılar qolsuz heç-heçə ilə kifayətlənib. Bununla da həmin qələbəni qazanmaq imkanı “Qarabağ”a keçib. Bu gün Polşa “Pyast”ını qəbul edəcək ağdamlılar ölkəmizdə qazanılan 30-cu qələbənin müəllifi ola bilər. Bu matç həm də avrokuboklarda 180-ci oyunumuzdur.

Bu gün keçiriləcək səfər matçları da yubileylə əlamətdar olacaq. Belə ki, indiyədək 89 səfər matçına çıxan təmsilçilərimiz 90-cı dəfə rəqib meydanında oynayacaq. Lakin “Xəzər Lənkəran”ın İsrailin Hayfa şəhərində “Makkabi”, “İnter”in Norveçdə “Tromse” ilə görüşləri eyni vaxtda başladığından yubiley şərikli olacaq. İndiyəqədərki 89 səfər matçında 15 qələbə, 26 heç-heçə və 48 məğlubiyyəti olan klublarımız 65 qolun sevincini yaşayıb və 196 dəfə topu qapısında görüb.