Peşəkarlıq, yoxsa rüsvayçılıq?
18.07.2013 - 11:24
Peşəkarlıq, yoxsa  rüsvayçılıq?
Avroliqadakı klublarımızın ardınca Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” də dünən mübarizəyə qoşuldu. Əksəriyyətin gözlədiyinin əksinə olaraq, son çempion fanatlarını sevindirə bilmədi.

İlk dəfə “Bakcell Arena”ya bu qədər azarkeş toplayan “ağ-qaralar”ın gücü qapısını toxunulmaz saxlamağa yetdi. Rəqibin məqsədi isə səfərdə yenilməmək, fürsət düşdükdə qol vurmaq idi. Təbii, bu cür oyunlarda doğma meydan amili hər zaman vacib sayılır. Təəssüf ki, milyonlarla büdcəsi olan və iddialı açıqlamaları ilə son vaxtlar, sadəcə gülüş obyektinə çevrilən Böyükağa Hacıyevli “Neftçi” bundan yararlana bilmədi.

Əslində, bu, iki pərdəli tamaşanın birinci hissəsi idi. Cavab oyunu olduğundan, təmsilçimizin mərhələ adlayacağına şübhə etmirəm. Ancaq diqqəti yönəltmək istədiyim məqam oyundan sonra yaşananlarla bağlıdır.

Adətən bu cür rəsmi görüşlərdən sonra “Mix zona” təşkil edilir və KİV nümayəndələri rahat şəkildə futbolçulardan oyunla bağlı fikirlərini öyrənir, müsahibələr götürür. Düzdü, burada oyunçuların danışması məcbur deyil. Kim özündə güc, danışmağa söz tapırsa, yaxınlaşır və sualları cavablandırır. Ancaq dünən daha bir yeniliyin şahidi olduq.

Futbolçuların avtobusa yol aldığı qapıdan təxminən 20 metr aralıqda “canlı sədd” qurulmuşdu və heç kim içəri buraxılmırdı. Səbəbini biz də bilmədik. Daha doğrusu, bunun UEFA-nın tələbi olduğu deyildi. Guya, UEFA nümayəndəsi avtobusa kənar şəxslərin yaxınlaşmasını qadağan edib.

Bu, həqiqətən də düzgün tapşırıqdır. Burda söhbət kənar şəxslərin avtobusa daxil olmasının qarşını almaqdan gedir. Daha deyilməyib ki, futbolçulardan müsahibə götürmək qadağandır. Bu, birbaşa klub rəsmilərinin, bu işə məsul olan şəxslərin naşılığından qaynaqlanır. Çünki vaxtında “Mix zona” təşkil etmək və KİV nümayəndələrinin ora buraxılmasını təmin etmək lazım idi.

Əslində, bu iradı klubun nümayəndələrinə çatdıranda cavabı da gülməli oldu: “Mix zona” ancaq qrup oyunları zamanı təşkil edilir. Əhsən!

Necə olur ki, həvəskarlar arasında belə keçirilən rəsmi oyunlardan sonra “Mix zona”nın qurulmasını tələb edən UEFA bu dəfə qərarını dəyişdi? Sadəcə, UEFA-nın təlimatlarından bixəbər olan bəzi klub funksionerləri nəyi, necə etməli olduqlarını bilmirlər. Elə mühafizə xidmətinə cəlb edilən bəziləri də əxlaq göstəriciləri baxımından özlərindən geri qalmırlar. Etik qaydaların nə olduğunu qanmayan zadlara “Mix zona” haqda danışmaq isə yersizdir. Çünki onun qandığı “filankəsin tapşırığı belədir” əmridir.

Tahir Süleymanovsa hər gün inkişafdan dəm vurur. Bəsit qaydaları, təşkilatı işləri yerinə yetirə bilməyən klub hansı inkişafdan danışır?

MƏZAHİR