Junior Nildo: “Makkabi”dən çəkinmirik – MÜSAHİBƏ
18.07.2013 - 13:00
Junior Nildo: “Makkabi”dən çəkinmirik – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Junior Nildonun apasport.az saytına müsahibəsi

- Artıq bir aya yaxındır “Xəzər Lənkəran”dasınız. Özünüzü yeni komandada necə hiss edirsiniz?
- Məni əla qarşıladılar. Özümü komandada xoşbəxt hiss edirəm. Bu komandaya yeni hədəflər, karyeramda uğurlu səhifə açmaq üçün gəlmişəm. “Xəzər Lənkəran”ın tarixinə daha yaxşı nəticələrlə düşmək istəyirəm.

- Komandaya tam uyğunlaşa bilmisinizmi? Ümumiyyətlə, bu kluba gəlişinizdə AZAL-da da birgə oynadığınız mərakeşli yarımmüdafiəçi Zohair Benouahinin hansısa rolu olubmu?
- Artıq özümü tam sərbəst hiss edirəm. Uyğunlaşma çox qısa zamanda baş verdi. Ümumiyyətlə, mən müşahidəçiyəm, müşahidə etməyi çox sevirəm. Zohairdən isə heç bir məsləhət almamışam. Hərçənd, bir çox klublardan təklif almışdım. Ancaq seçimimi “Xəzər Lənkəran” üzərində dayandırdım. Çünki bu komandanın oyun üslubu mənə daha uyğundur. Düzdü, heyətdə daha 1 hücumçu – Ağabala Ramazanov olsa da, özümü komandada görürdüm. Mən Ağabalaya hörmətlə yanaşıram. Təbii ki, kimsə gəlsə də, rəqabəti hiss eləmək yaxşıdır. Lənkəran klubunun keçirdiyi görüşləri çox izləmişəm, xoşuma gəlirdi. Yəni, seçimi özüm eləmişəm. Heç kim mənə məsləhət verməyib.

- Bəs təklif aldığınız klublar hansılar idi?
- İndi bu barədə danışmaq düzgün olmaz. Çünki bu, artıq keçilmiş səhifədir.

- “Slima” ilə I təsnifat mərhələsində lənkəranlı azarkeşlər qarşısında ilk dəfə “Xəzər Lənkəran”ın futbolçusu kimi oynadınız. Bu, sizdə hansı təəssürat oyatdı?
- Mən hələ AZAL-da oynayanda, Azərbaycanda ən böyük azarkeş kütləsinin məhz Lənkəranda olduğunu demişəm. Təbii ki, onların qarşısına oynamaq adama stimul verir. Lənkəranda ancaq futbol oynamalısan, başqa heç nə edə bilməzsən. Səni dəstəkləməyə gələn o qədər insanları sevindirməyə çalışmalısan.

- “Xəzər Lənkəran”da qol hesabını debüt oyunundaca - Maltada “Slima” ilə görüşdə açdınız. Daha güclü rəqib olan “Makkabi”ni Hayfada cəzalandırmağı nə dərəcədə real sayırsınız?
- Avrokuboklarda yeni komandamın heyətində qol vurmaq doğrudan da mənim üçün sevindirici idi. Hazırda dünyada “qapazaltı” komanda yoxdur. Çünki futbolda meydanda eyni sayda – 11 nəfər bir-birinə qarşı oynayır. Yaxud, baş məşqçimizin dili ilə desək, ehtiyat oyunçuları da nəzərə alsaq, 14 nəfərin 14 nəfərə qarşı oyunudur. Hava istidirsə, ümumiyyətlə, şərtlər hər iki komanda üçün eyni olacaq. Mənim oynadığım komanda zəif də, güclü də olsa, ona 100 faiz inanıram. Rəqib güclüdürsə, biz də özümüzü belə hiss edirik.

- “Makkabi” nə dərəcədə təhlükəli komandadır? Rəqibin arxa xətti – qapı və müdafiəsi haqda nə bilirsiniz?
- Necə işləməyi özümüz bilirik. Mən öz komandamızın necə oynayacağını düşünürəm. Şəxsən rəqibin oyununa baxmamışam. Ancaq bu, o demək deyil ki, onları saymıram, yaxud çəkinirəm. “Makkabi”ni normal komanda kimi qəbul edirəm. Təbii ki, hörmət öz yerində. Ancaq rəqibi o qədər də şişirtmirik.

- Bu komandanı keçmək şansınızı necə dəyərləndirərdiniz?
- Öz komandana inam olmasa, meydana çıxmağa dəyməz. Şansımız var. Düşünürəm ki, ilk oyunu səfərdə keçirməyimiz bizim xeyrimizə olan amildir. İlk matçdan çox şey asılıdır.

- AZAL-da baş məşqçiniz olmuş Vaqif Sadıqovla hazırkı çalışdırıcınız Con Toşakı necə müqayisə edərdiniz?
- Mən AZAL-da oynadığım üçün həmişə onlara minnətdar olacağam. İndi məqsədim uzun müddət “Xəzər Lənkəran”da oynamaqdır. Ola bilsin karyeramı gələcəkdə başqa ölkədə davam etdirdim. Ancaq AZAL-a həmişə hörmətim olacaq. Vaqif Sadıqovun da işinə çox hörmətlə yanaşıram. Çünki ötən il pis mövsüm keçirmədim. Sadıqov da yaxşı məşqçidir, işi göz qabağındadır. Ancaq həmişə müqayisələrdən qaçmışam. Vaxtilə onun, indi uelslinin rəhbərliyin altında oynayıram. Toşakın karyerası göz qabağındadır, əfsanəvi məşqçidir. Ondan hər gün yeni nəsə öyrənib və bundan zövq qalıram.

- AZAL-dan yaxşı təklif olsa, qayıdarsınız?
- Mən bu gün “Xəzər Lənkəran”dayam. Gələcəkdə nə baş verəcək, heç kəs bilmir. Buna görə bir şey demək çətindir. Ümid edirəm ki, uzun illər indiki komandama xidmət göstərəcəyəm.

Müsahibəsinin alınmasına göstərdiyi köməyə görə “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyevə təşəkkür edirik.