“Skenderbeu”nun prezidenti: “Neftçi”ni keçmək şansımız 51 faizdir
18.07.2013 - 14:06
“Skenderbeu”nun prezidenti: “Neftçi”ni keçmək şansımız 51 faizdir
“Bu, komandamızın ən yaxşı oyunlarından biri idi. Çox çətin sınaqdan üzüağ çıxan komandamı meydanda etdiyinə görə təbrik etmək istərdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə Bakıda qolsuz bərabərliyi uğurlu nəticə hesab edən prezident meydanda göstərdiyi əzmkarlığın bəhrəsini gördüklərini bildirib: “Futbolçular meydanda bütün güclərini qoydular və bunun mükafatını qazandılar. Mən əvvəl demişdim ki, komandamız çox yaxşıdır və yoxlama oyunlarında nəticələrə əsasən fikir yürütmək olmaz. Mən müsbət nəticə gözləyərək bura gəlmişdim. Komanda böyük iş gördü. Hamı yaxşı oynadı. Biz ilk hissədə rəqiblə müqayisədə daha hegemonluq etdik”.

Takay indi iyulun 23-də evdə keçirəcəklərini cavab oyununu düşündüklərini söyləyib: “Korçada azarkeş kütləmiz qarşısında oynayacağıq və digər çoxlu üstünlüklərimiz də olacaq. Siz daha bir müsbət nəticə görəcəksiniz. Şübhəsiz ki, çətin, ancaq daha münasib oyun olacaq. Yəqin ki, rəqibi keçmək şansımız 51-49 bizim xeyrimizədir”.