“Rəvan”ın digər rəqibi də müəyyənləşdi
19.07.2013 - 04:07
“Rəvan”ın digər rəqibi də müəyyənləşdi
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, gündə 2 dəfə məşq edən komanda bu qrafik yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda "Aluminiy” ilə 1:1 oynayan "uçan aslanlar” bu gün ikinci hazırlıq matçını keçirəcək.

Daha əvvəl 3 oyunu dəqiqləşən “Rəvan”ın digər rəqibi də müəyyənləşib. Belə ki, paytaxt klubu Sloveniya toplanışı ərzində ikinci görüşünü Serbiya Superliqasının təmsilçisi "Donyi Srem”lə qarşılaşacaq.

1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donyi Srem” həm də “Feyr-pley” mükafatının sahibi olub.

Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.