“Aris” “Qarabağ”a gedənin yerinə “Neftçi”ni bəyənməyən futbolçunu alır
19.07.2013 - 15:12
“Aris” “Qarabağ”a gedənin yerinə “Neftçi”ni bəyənməyən futbolçunu alır
Braziliyalı Sumbinyonun son anda “Qarabağ”dan aldığığı təklifə görə “Aris” ilə müqavilə imzalamaqdan imtina etməsi yunan klubunu hərəkətə gətirib. Apasport.az saytının məlumatına görə, Saloniki klubu italiyalı pleymeyker Nikolas Violanı almaq istəyir.

Ancaq 23 yaşlı oyun qurucusunun müştəriləri çoxdur. Belə ki, “Palermo”ya məxsus olan oyunçunu ölkəsində “Empoli”, “Ternana” və “Modena” kimi klublar istəyir. Transferi çətinləşdirən məqam isə futbolçunun ölkəsini tərk etmək niyyətində olmamasıdır.

Qeyd edək ki, yaxın günlərə kimi Violanı “Neftçi” də istəyirdi. Futbolçuya sərfəli müqavilə təklif edilməsinə baxmayaraq, italiyalı hələ ki vətənindən kənarda çıxış etmək istəmədiyini bildirmiş və beləcə transfer baş tutmamışdı.