Azərbaycan klublarına yad və tarixi uğur gətirən ölkələr
20.07.2013 - 09:54
Azərbaycan klublarına yad və tarixi uğur gətirən ölkələr
Azərbaycanın Avropa Liqasındakı potensial rəqiblərindən daha 2 ölkənin bizlərlə yollarının kəsişmək imkanı yaranıb. Apasport.az saytının məlumatına görə, “Jeness”lə “Differdanj”ın təmsil etdiyi Lüksemburq və “Gefle”nin komandası olduğu İsveç qitə miqyaslı turnirlərdə hələ bizə rəqib olmayıb.

İlk oyunda Kiprdə “Anortosis”ə 0:3 hesabı ilə uduzan “Gefle” “Qarabağ”ın III təsnifat mərhələsinə çıxacağı halda potensial rəqiblərindəndir. Latviyada “Ventspils”ə 0:1 hesabı ilə uduzan “Jeness” mərhələ keçərsə, “Xəzər Lənkəran” – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə üzləşəcək. Hollandiyanın “Utrext” klubuna evdə 2:1 hesabı ilə qalib gələn “Differdanj” isə “İnter” – “Tromse” (Norveç) cütünün qalibinə düşüb.

Potensial rəqiblərimizin təmsil etdiyi digər 3 ölkəyə gəlincə, Hollandiya 1 dəfə bizə rəqib olub. Bu, 2009-cu ildə Avropa Liqasının son təsnifat mərhələsində “Qarabağ”la üzləşən “Tvente”dir. Evdə 3:1 hesabı ilə qalib gələn hollandiyalılar Bakıda qolsuz-heçə etməklə ağdamlıların qrupuna yolunu bağladı. Kiprlə həmin mərhələdə duelimizdə isə bunun əksinin gerçəkləşməyi ilə futbol tariximizdə siftə edildi. Söhbət “Neftçi”nin APOEL-i yenərək, qrupa düşməyindən gedir. Bakıda 1:1 hesablı bərabərliyə qalan çempionumuz Kipdə 3:1 hesablı qələbə ilə tarix yazdı.

Kiprlə ilk görüşümüz də “Neftçi”nin APOEL-lə duelidir və onda da tarixi nəticə olub. Belə ki, 1995-ci ildə səfərdə 0:3 hesabı ilə uduzan bakılılar Sumqayıtda cavab oyununda qolsuz heç-heçə etdi. “Neftçi” mübarizəni dayandırsa da, bu, qitə miqyaslı turnirdə ilk xalımız idi.

Nəhayət, Latviya da bizə tanış və uğur gətirən ölkədir. Düzdür, “Kəpəz” 1997-ci ildə Kuboklar Kubokunda “Dinaburq”a hər 2 oyunda 0:1 hesabı ilə uduzub. Ancaq 2000-ci ildə digər Qərb təmsilçimiz “Şəmkir” latviyalılarda dueldə tarix yazdı. Bu, Latviyanın ən güclü klubu olan “Skonto” ilə Çempionlar Liqasındakı (ÇL) matçlar idi. Komandalar hərəsi evdə 2:1 hesabı ilə qalib gəldi. Bakıdakı cavab oyununda qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac oldu. Bunda 2 qol vuran “Şəmkir” 4:1 hesabı ilə qalib gəlməklə, Azərbaycanın ÇL-də mərhələ adlayan ilk komandası kimi tarixə düşdü.

Qeyd edək ki, Azərbaycan klubları Avropada Ermənistanı nəzərə almasaq, 12 ölkə ilə üzləşməyib.