Ağasəlim Mircavadov: Milliyə lazım bilsələr, niyə də işləməyim?
20.07.2013 - 12:01
Ağasəlim Mircavadov: Milliyə lazım bilsələr, niyə də işləməyim?
“AFFA rəhbərliyinin Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacağını ilk dəfədir sizdən eşidirəm. Milliyə baş məşqçi təyinatı, Foqtsla müqaviləni uzadıb-uzatmamaq AFFA-nın səlahiyyətində olan məsələdir. Kimi məsləhət bilərlər, onu da bu posta gətirərlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin peşə bayramı ilə əlaqədar görüşdə millimizin almaniyalı baş məşqçisi Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını açıqlayıb.

Mircavadov klubla yığma arasında böyük fərqin olduğunu bildirib: “Hər ölkənin öz xüsusiyyətləri var. Söhbət ondan getmir ki, millinin baş məşqçisi yerli, yaxud əcnəbi olsun. Əsas məsələ xeyir vermək, komanda qurmaqdır. Həmin ölkənin xalqı, bayrağı, mentaliteti vacib məsələdir. Məğlubiyyət, yaxud qələbə olanda, münasibət başqa cür olmamalıdır”.

Baş katib siyahıda yerli mütəxəssislərin də olacağını bildirib. Maraqlıdır, artıq 3 ildir işsiz olan 66 yaşlı mütəxəssis AFFA-dan dəvət gözləyir? “Lazım bilsələr, niyə də işləməyək? Bilirsiniz, heç vaxt özümü təqdim etməmişəm ki, mən də varam. Az-çox qələbələrim olub. Çoxları işimi bilir. Mən heç vaxt özümü reklam eləməmişəm və buna fikrim də yoxdur. Mənim işimə qiyməti ölkə başçımız “Şöhrət ordeni” ilə verib”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə 1994-cü ildə Mircavadovla debüt edib.

Mehman SÜLEYMANOV