Vüsal Əliyev: Hər gün “Fənərbaxça”nın oyununu idarə etmirsən ki...
20.07.2013 - 17:00
Vüsal Əliyev: Hər gün “Fənərbaxça”nın oyununu idarə etmirsən ki...
“Xəzər Lənkəran”la “Fənərbaxça” arasında sabah Lənkəranda keçiriləcək yoldaşlıq görüşünü sabiq FİFA hakimimiz Vüsal Əliyev idarə edəcək. Bu haqda apasport.az saytına Əliyevin özü məlumat verib.

Bu ildən FİFA referisi dərəcəsini daşımayan 43 yaşlı hakim saat 21:00-da başlayacaq matça təyinat alan köməkçilərini də açıqlayıb: “Bunlar beynəlxalq dərəcəli yan xətt hakimləri Elman Musayevlə Munis Abdullayevdir. Ehtiyat hakim İnqilab Məmmədov olacaq. Əslində, mənim Polşada hazırlıq keçən hakimlərimiz arasında olmamağım bu oyunla bağlı deyil. Anamın səhhətində problem yarandığından, İrana gedib-gəlməli oluram. Fikir versəniz, mən yay toplanışlarından kənarda qalıram”.

Əliyev AFFA-nın bu təyinatını ruh yüksəkliyi ilə qarşılayıb: “Mən Avropada bir sıra tanınmış komandaların oyununu idarə etmişəm. Ancaq “Fənərbaxça”nın matçında ilk dəfə hakim olacağam. Əlbəttə, bu komandanın oyununda ədalət təmsilçisi olmaq mənim üçün xoşdur. Hər halda, hər gün “Fənərbaxça”nın oyununu idarə etmirsən ki...Bu, bir yoldaşlıq görüşü olacaq”.

O, yaxşı idarəçilik etməyə çalışacağı oyunun azərbaycanlı hakimə tapşırılmağını gözləyərək, bunu normal hal sayır: “Hər halda, bu yoldaşlıq oyununa görə xaricdən hakim gətiriləsi deyildi ki. Oyunun necə keçəcəyini, nə qədər vərəqə olacağını indidən heç kim deyə bilməz. Bu, oyunun gedişindən asılıdır. Hər halda, “Fənərbaxça” da bizə yad komanda deyil, qardaş Türkiyənin təmsilçisidir. Üstəlik, Azərbaycan bu komandanın azarkeşləri çoxdur”.

Qeyd edək ki, oyunda hakim-inspektorla bağlı AFFA-nın müvafiq qurumuna müraciət olunmayıb.

Mehman SÜLEYMANOV