Fərid Quliyev rəsmən Türkiyə klubunda!
21.07.2013 - 17:40
Fərid Quliyev rəsmən Türkiyə klubunda!
Azərbaycanın daha bir futbolçusu Türkiyə çempionatında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın və “Kəpəz”in sabiq üzvü Fərid Quliyev karyerasını bundan sonra qardaş ölkənin PTT I liqasında davam etdirəcək.

“Spor46.com” xəbər verir ki, 27 yaşlı hücumçu rəsmən “Kahramanmaraşspor”un oyunçusu olub. Türkiyə klubu Quliyevlə əvvəlcə ilkin razılığa gəlib. Daha sonra “Kahramanmaraşspor” Kocaeli Kartəpədə futbolçumuzla rəsmi müqavilə imzalayıb. Lakin onun PTT I liqası təmsilçisi ilə neçə illik müqavilə bağlaması ilə bağlı məlumat bildirilməyib.

Beləliklə, Arif İsayev, Saşa Yunisoğlu (hər ikisi “Dənizlispor”), Ramal Hüseynov (“Bucaspor”) və Andrey Popoviçdən (“Tavşanlı Linyitspor”) sonra Fərid də Türkiyə PTT I liqasında forma geyinəcək.

Qeyd edək ki, Fərid Quliyev 2009-2010 mövsümündə “Standard”ın heyətində 16 qolla ölkə çempionatının bombardiri olub. Daha sonra o, “Neftçi”, “Simurq”, “Sumqayıt” və “Turan”ın şərəfini qoruyub. Quliyevin son çıxış etdiyi klubu “Kəpəz” isə ötən mövsümün yekununda Topaz Premyer Liqasını tərk edib.