Millimizin üzvü İngiltərə Premyer Liqa klubuna qarşı oynamadı
22.07.2013 - 10:24
Millimizin üzvü İngiltərə Premyer Liqa klubuna qarşı oynamadı
Yığmamızın futbolçusu Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96” Avstriya toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi hazırlığın ikinci günündə ilk yoxlama oyununu keçirib.

Rəqib İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç Albion” olub. Görüş almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda Gökdəmir iştirak etməyib. Buna səbəb onun əvvəlki zədəsindən müayinə üçün Regensburq şəhərində olmasıdır.

Qeyd edək ki, buna qədər Əli “Hannover 96”nın “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1, “Vayxe”yə 4:0, “Ramlingen/Ehlershauzen”ə 5:0, “Kuitt”ə 16:1, “Tselle”yə 8:0 qalib gəldiyi və PSV-yə 0:3 uduzduğu oyunlarda oynamışdı. Yalnız şlezviqlilərlə matçda 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyinmişdi.