“Azarkeşlər bu qələbədən tez-tez görəcəklər”
22.07.2013 - 17:00
“Azarkeşlər bu qələbədən tez-tez görəcəklər”
“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal “Xəzər Lənkəran”la yoldaşlıq görüşündə qazanılan 4:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- “Xəzər Lənkəran”la görüşdən razı qaldınızmı?
- Bu, bir yoldaşlıq matçı idi. Komanda 3 həftədir təlim-məşq toplanışındadı. Hazırlıq müddətində keçirdiyimiz matçlarda necə futbol sərgiləyəcəyimizi göstərməyə çalışdıq. Hazırlıq prosesi yaxşı fürsətdi. Məncə, futbolçularımız da bundan maksimum yararlanır. Oyun planında müsbətə doğru dəyişiklik var. Nəticə normaldır. Azarkeşlərimiz Lənkərandakı qələbədən tez-tez görəcəklər.

- Futbolçular tətbiq etmək istədiyiniz sistemi qəbul edə bilirlərmi?
- Müəyyən zaman ehtiyac var. Bunlar tədricən qaydasına düşəcək. Onlar yavaş-yavaş istədiyim oyunu ortaya qoymağa başlayıblar. Bu uzun çəkən prosesdir.

- Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) UEFA-nın qərarını dondurması sizə nə dərəcədə məmnun etdi?
- Başqa prezidentimiz olmaqla, İdarə Heyətinin üzvləri bu işdə böyük əmək sərf etdilər. Amma mübarizə hələ bitməyib. Biz isə ən böyük dəstəyi meydandakı oyunumuzla verəcəyik. İstər yoldaşlıq oyunlarında, istər avrokuboklarda, istərsə də Türkiyə Superliqasında üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirəcəyik. Bunu bacaracaq heyətimiz də var. Azarkeşlərimizin dəstəyini də hiss edirik. Çempionlar Liqasında mübarizə aparmağımız bizi sevindirir. Komanda üzərindəki gərginlik aradan qalxacaq.

- Komandanın Çempionlar Liqasındakı çıxışını davam etdirməsindən sonra Oskar Kardozanın transferi gündəmdədir. Məsələ həllini tapıbmı?
- Bu istiqamətdə çalışmalar davam edir. Onun transferi alına da bilər, alınmaya da. Biz hazırkı heyətlə qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq. “Fənərbaxça” güclü klubdur. İstədiyi oyunçunu gətirər, istəmədiyini yollayar.

- “Xəzər Lənkəran”la oyunun birinci hissəsində 7 legionerə şans verməyiniz nədən irəli gəlirdi?
- Bu cür oyunlarda limit yoxdur. Meydana istədiyin sayda əcnəbi buraxa bilərsən. Mən də onların hazırlıq səviyyəsini yoxlamağa çalışıram.

- Lənkəran səfərindən məmnun qaldınızmı?
- Qardaşlarımızın etdikləri bizə duyğulu anlar yaşatdı. Çox məmnun olduq. Gözəl bir atmosferdə yaxşı oyun keçirdik.

- Lənkəranın havası necədir?
- Sərin olsa da, rütubət yüksəkdir.

- Azarkeşlərin “Fənərbaxça”nı bu qədər dəstəkləyəcəyini gözləyirdinizmi?
- “Fənərbaxça” tək Azərbaycanda deyil, bütün dünyada sevilir.

- Transferlərlə bağlı niyə açıqlama vermək istəmirsiniz?
- (gülür) Bizim işimiz də asan deyil...