Böyükağa Hacıyev istefa verəcək
23.07.2013 - 11:17
Böyükağa Hacıyev istefa verəcək
“Mən qələbədən başqa heç nə gözləmirəm. Hesab edirəm ki, albaniyalılar bu dəfə yalnız müdafiə olunmayaraq, açıq futbol oynayacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakıdakı matç qolsuz bərabərliklə bitdiyindən, meydan sahibləri bütün qüvvə ilə irəli atılacaq və bu zaman şanslardan maksimum istifadə etməlidirlər: “Ancaq digər tərəfdən, biz müdafiədə ehtiyatlı olmalıyıq. Bu, o demək deyil ki, biz Albaniyaya müdafiə olunmaq üçün gəlmişik. Qələbə qazanmaq üçün hücum edəcəyik. Futbolda hər şey mümkün olsa da, mən qorxmuram. Bizi nə gözlədiyini bilirik. Ansaq siz əmin olun ki, əsl “Neftçi”ni görəcəksiniz”.

Çalışdırıcıdan mərhələ keçməsələr, nə edəcəyini soruşublar. O, komandadan getməyə hazır olduğunu bildirib: “Mən komandanın nəticəsi üçün məsuliyyət daşıyıram. Əgər mərhələ keçməsək, getməyə hazıram. Məsuliyyəti öz üzərinə götürürəm. İndi deyə bilmərəm ki, bu, məşqçilik karyerasında ən vacib oyundur. Bununla belə, biz mərhələ keçmək üçün mütləq qalib gəlməliyik”.