“Xəzər Lənkəran”dan ayrılmaq asan deyil” - MÜSAHİBƏ
23.07.2013 - 12:35
“Xəzər Lənkəran”dan ayrılmaq asan deyil” - MÜSAHİBƏ
“Fənərbaxça”ya 0:4 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan öncə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak türkiyəli jurnalistlərin əhatəsinə düşüb. Apasport.az saytının məlumatına görə, vaxtilə “Beşiktaş”ı çalışdırdığından uelsli mütəxəssisə qardaş ölkə futbolu haqda suallar verilib.

- “Qalatasaray” və “Fənərbaxça”nın ötən mövsüm avrokuboklarda çıxışını izlədinizmi?
- Fatih Terim üçün çox yaxşı keçdi. Bildiyiniz kimi, Fatih “Qalatasaray”da bir trafik yaşamışdı. Getmişdi, gəlmişdi, getmişdi, gəlmişdi və ötən il komandasını Madrid “Real”ına qarşı 1/4 finalda oynatdı. Bu, “Qalatasaray” üçün çox yaxşıdır. Üstəlik, “Fənərbaxça” da çox yaxşı çıxış etdi. Avroliqanın finalını son anda qaçırdılar. Əslində, mən “Beşiktaş”ı da Avropada görmək istəyirəm. Bunun üçün bir az daha çox şey etmələri lazımdır.

- “Üç Böyüklər”dən təklif gələrsə, qayıtmağı düşünərsinizmi?
- Hazırda “Xəzər Lənkəran”dayam və çətin bir işi görməyi üzərimə götürmüşəm. Hələ daha 1 illik müqaviləm var və burdan ayrılmaq həqiqətən asan deyil. Burdakı insanlar çox yaxşıdır. Ümumi götürsək, xoşbəxtəm, amma görməli olduğum bir çox çətin işlər var. Qarşıdakı illərdə nə olacağını bilmirik. Hələlik burdayam.

- “Fənərbaxça” və “Beşiktaş”a dair UEFA-nın qərarları ilə bağlı nə deyə bilərsiniz?
- Cəzalardan xəbərim var... Ümid edirəm ki, Türkiyə futbolu üçün ən yaxşı nəticə ortaya çıxar. Mən Türkiyədə olduğum müddətdə buna bənzər heç bir təcrübə ilə üzləşməmişəm, bu haqda heç nə eşitməmişəm. Birinin digərinə pul verdiyini heç vaxt görməmişəm.

- Siz “Beşiktaş”dan ayrıldıqdan sonra Türkiyədəki futbolun inkişafını izləyə bildinizmi?
- Əslində, yaxşı izlədyimi deyə bilmərəm. Ordan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümləri arasında Türkiyədə olmuşam. Orda olanda Türkiyə futbolu çox-çox yaxşı vəziyyətdə idi. “Qalatasaray” o vaxt çox güclü idi. Fatih Terimin vaxtında UEFA kubokunu qazanmışdılar. Türkiyə millisi də çox güclü idi və dünya üçüncüsü olmuşdu. Ancaq indiki yığma o qədər də güclü deyil. Türkiyədə, “Beşiktaş”da xoşbəxt idim. Baxmayaraq ki, türkiyəli jurnalistlərlə 1-2 problemim olmuşdu, ancaq “Real” kimi bir komandadan sonra “Beşiktaş”da, o stadionda olmaq çox gözəl idi və “Qalatasaray”la oyunda qazandığımız o kubokun final matçı çox önəmli, çox böyük bir an idi.

- Türkiyədən heç təklif aldınızmı?
- Bir neçə dəfə telefon zəngi aldım, amma açıq desəm, çox ciddi təkliflər deyildi. Hansi komandalar olduğunu demək istəmirəm. Çox sayda adamla görüşdüyümü də söyləyə bilmərəm. “Beşiktaş”ın sabiq prezidenti Sərdar Bilgili ilə bura gəlməzdən öncə görüşmüşdüm. Türkiyədən ayrılmağımın üzərindən çox vaxt keçib. Ona görə də əlaqələr qopub.

- Digər 2 İstanbul klubuna qarşı fikirləriniz necədir?
- Əgər “Beşiktaş”da çalışmısansa, əlbəttə ki, “Fənərbaxça” və “Qalatasaray”a hörmətlə yanaşmalısınız. Amma mənim üçün “Qalatasaray” və “Fənərbaxça” haqda düşünmək çox çətindir. Bu 2 kluba çox yüksək səviyyədə hörmət bəsləyirəm. Çox böyük klublardır, çox azarkeşləri var. Ancaq Türkiyədə mənim komandam “Beşiktaş”dır və həmişə də “Beşiktaş”lı olacağam.

- “Fənərbaxça” ilə oyundan əvvəl həmkarınız Ərsun Yanala nəsə dediyinizin şahidi olduq...
- Mən ona sadəcə bunu dedim: “Qalatasaray” gözəldir, “Fənərbaxça” da çox gözəl komandadır... Ancaq bunların arasında ən böyüyü “Beşiktaş”dır!