“Bütün diqqətimizi Azərbaycandakı vacib oyuna yönəltməliyik”
23.07.2013 - 15:50
“Bütün diqqətimizi Azərbaycandakı vacib oyuna yönəltməliyik”
Hayfa “Makkabi”si “Xəzər Lənkəran”la oyundan öncə sevindirici xəbərlə üzləşib. Apasport.az saytının məlumatına görə, İsrail klubu 32 yaşlı kapitan Yaniv Katanla müqavilənin müddətini daha 3 il uzadıb.

Bundan sonra İsrail yığmasının keçmiş hücumçusu sevincini bölüşüb: “Mən xoşbəxtəm və fəxr edirəm ki, növbəti 3 ildə də “Makkabi”nin şərəfini qoruyacağam. Demək olar ki, 25 ildir bu klubdayam. 8 yaşımdan başlayaraq bu komandada futbolun sirlərinə yiyələnmişəm. Arzum budur ki, karyeramı da məhz “Makkabi”də başa çatdırım. İndi isə bütün diqqətimizi Azərbaycandakı vacib oyuna yönəltməliyik”.

Qeyd edək ki, Katanın 2006/07 mövsümündə 6 ay “Vest Hem Yunayted”in formasını geyinməsini saymasaq, futbolçunun karyerası Hayfa “Makkabi”si ilə bağlıdır. Bu komandada 440 çempionat oyununa çıxıb. 2006-cı ildən bu komandanın kapitanı olan Yaniv 7 dəfə çempion olub, hərəyə 2 dəfə isə ÇL və AL-in qrupunda çıxış edib.