Gerçəkləşməyən xəyal
24.07.2013 - 08:07
Gerçəkləşməyən xəyal
Avrokubokların 2013/14 mövsümündə mübarizəni dayandıran ilk Azərbaycan klubu “Neftçi” oldu. Apasport.az saytının məlumatına görə, paytaxt futbolçuları cari mövsüm qitə arenasında mərhələ keçməyi bacarmayan yeganə təmsilçimiz kimi tarixə düşdü.

Hərəyə ən azı 1 mərhələ adlayan “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”ın uğurunu təkrarlaya bilməyən Böyükağa Hacıyevin yetirmələri bununla da Azərbaycan azarkeşlərinin yeni rekordla bağlı xəyalını gerçəkləşməyə qoymadı. Belə ki, bakılılar Albaniyanın “Skenderbeu” klubu keçsəydi futbol tariximizdə ilk dəfə bütün klublarımız eyni mövsümdə mərhələ adlamış olacaqdı.

Bununla da ötən mövsümün rekordu təkrarlansa da yenilənmədi. Həmin vaxt 3 klubumuz mərhələ adlamağı bacarmış, yalnız “Bakı” büdrəmişdi.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı oyununda qolsuz heç-heçə etdikdən sonra səfərdə əlavə vaxtda buraxdığı topla mübarizəni dayandırdı.