Nağıl dili yüyrək olar
24.07.2013 - 12:45
Nağıl dili yüyrək olar
Bu gün hamı "Neftçi"nin fiaskosundan danışır. Kimsə bunu yıxılana balta vurmaq kimi qəbul edə və ya qələmə verə bilər. Ancaq “ağ-qaralar”la bağlı durumun fərqli olduğunu düşünürəm. Zənnimcə, gözü ayağının altını görmədiyindən sürüşüb yerdə qalanların qulağına bəzi həqiqətləri pıçıldamaqda fayda var.

Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan "Neftçi" özünü nağıl dünyasında hiss edirdi. Tarix yazdıqlarını, dünya futboluna möhür vurduqlarını düşünürdülər. Ab-havaya o dərəcədə qapılmışdılar ki, hər fürsətdə Çempionlar Liqasının qrup mərhələsindən dəm vururdular.

Biri özünü Simurq quşunun belində, digəri uçan xalçanın üzərində hiss edirdi. Başqa birisi isə gözünü əlindəki sehrli çırağa dikib, arzusunu demək üçün cinin çıxmasını gözləyirdi. "Nağıl dili yüyrək olar" deyib, xəyallarını tezliklə gerçək olacağını güman edirdilər. Hər şey elə asan görünürdü ki...

Vaxt gəldi, vədə yetişdi. Tale "Neftçi"nin qarşısına özü kimi ölkəsində son üç mövsümdə çempion olan bir klub çıxartdı. Bizimkilər Albaniya "Skederbeu"sunu bir qədər süzdükdən sonra "pulumuz onlardan çoxdu, mərhələni biz keçəcəyik" deyib, növbəti rəqibin münasib olması üçün ayinlərə başladılar. Duaları qəbul olundu, püşk bizi "dişimizə uyğun" rəqiblər bəxş etdi. Lakin axı hələ "Skenderbeu"nu keçmək vardı.

Bakıdakı oyun göstərdi ki, albanlar "Neftçi" camiəsının düşündüyü qədər "asan yem" deyillər. Aralarında pulun uğurun zəmanəti olmadığını anlayanlar da vardı. Ancaq artıq gec idi. Böyükağa Hacıyev hər nə qədər "mən sözümdə qalıram, bu mərhələni keçəcəyəm" söyləsə də, üzündəki nigarançılığı gizlədə bilmirdi. Bizi əmin etmişdi ki, Albaniyada əsil
"Neftçi"ni görəcəksiz. Gördük. Yuxarıdan aşağı baxdığınız "Skenderbeu"nun yıxıb-sürüdüyü bir "Neftçi" gördük.

"Rəqib meydanda futbol oynamaqdansa, hospital açmışdı", "Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdı" kimi bəhanələri özünüzə saxlayın, Böyükağa bəy.

Siz "Neftçi" növbəti mərhələyə yüksələ bilməsə, istefa verəcəyinizi demişdiz. Bunun üçün Bakıya qayıtmağa nə gərək var? İstefa verdiyinizi açıqlayacağınız halda, komandanı Vətənə gətirən təyyarə sizi Albaniyada qoyası deyildi ki...

Kimsə aynaya baxanda özünü Don Karleone, Polat Ələmdar, Joze Mouriyno və ya "Hörümçək adam" cildində görürsə, bu, şizofreniya əlamətidi. Fantastik sayıqlamalara son vermək zamanıdı. Nağıl bitdi.

Lütfən, heç kimə lazım olmayandan sonra "Birlik kuboku"nu dəfələrlə ölkəmizə gətirməyimizə, avropalıların barmaqarası baxdığı Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağımıza aldanmayın.

Çempionlar Liqası başqa bir səviyyədi. Uçan xalçanı, Simurq quşunu unudun, sözün əsil mənasında peşəkar klub formalaşdırmağın zamanıdı!

ŞAMO