“Bakıya gəlmişəmsə, deməli, oynamaq imkanım var”
24.07.2013 - 13:05
“Bakıya gəlmişəmsə, deməli, oynamaq imkanım var”
“Mənim 1-ci dəstədən təklifim vardı. Ancaq imtina etdim. Çünki onlar məni yaxşı tanımırdılar. O kluba getmək istəyirəm ki, məni tanısın və oynamaq imkanı yaratsın”. Apasport.az saytının məlumatına görə, bunu “Tromsö”nün hücumçusu Veqard Lüsvoll deyib.

23 yaşlı hücumçu ötən mövsüm Tromsö şəhərinin digər komandası olan “Tromsdalen”də icarə əsasında top qovub. Bu mövsümdən klubuna qayıtsa da, Lüsvoll əsas komandada heyətə düşə bilmir. Bu üzdən gənc futbolçu 1-ci dəstədən 2-ci dəstəyə düşmüş və “Tromsö”yə nisbətən daha çox oyun təcrübəsi qazandırmış “Tromsdalen”ə qayıda bilər.

Veqard “Tromsö”nün Bakıya gətirdiyi heyətdə də yer alıb. Futbolçu sabah meydana çıxıb-çıxmayacağını bilmədiyini söyləyib: “Çoxdandır ayağıma top dəymir. Ümid edirəm ki, mənim də komandamın Azərbaycanda mərhələ keçməsində rolum olacaq. Beynəlxalq matçlar bir qədər fərqli olur. Bakıya gəlmişəmsə, deməli, oynamaq imkanım var. Ancaq bunu oyun günü görəcəksiniz”.

Qeyd edək ki, “İnter” – “Tromsö” oyunu sabah saat 21:00-da başlayacaq.