Mirel Yosa: “Neftçi” üzərində tarixi qələbəni gözəl oyunla qazandıq
24.07.2013 - 13:37
Mirel Yosa: “Neftçi” üzərində tarixi qələbəni gözəl oyunla qazandıq
“Mən həqiqətən III təsnifat mərhələsinə çıxacağıma görə çox şadam. Biz hamımız sevinirik. Əlbəttə, qələbəni meydanda ürəklərini qoyan istisnasız bütün futbolçularıma həsr edirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenedrebeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. O, futbolçularını güclü rəqiblə oyunda göstərdiyi parlaq oyuna görə çox tərifləyib: “Çox güclü, fantastik oyun oldu. Ancaq biz gücümüzü və mübarizliyimizi göstərərək, daha çox dominantlıq edirdik. Əlbəttə, mən xoşbəxtəm. Çünki bu, bizim üçün tarixi qələbədir və sona kimi çalışdıq. Əla futbol göstərdik və komandamızla fəxr etməliyik. Biz qələbəni gözəl oyunla qazandıq”.

Əvəzləmələrinin vacib olduğunu deyən çalışdırıcı “Neftçi”nin futbolçusu İqor Mitreskinin 90+2-ci dəqiqədə qırmızı vərəqə almağı ilə oyunlarının daha da yaxşılaşdığını bildirib: “Rəqib 10 nəfərlə olanda, oyuna daha çox nəzarət edə bildik. Bu zaman uzun ötürmələrə üstünlük verdik. Əgər şanslarımızdan istifadə etsəydik, 2-3 qol vurub qalib gələ bilərdik. Biz məqsədimizə çataraq, artıq növbəti oyuna daha yaxşı hazırlaşmaq haqda düşünürük”.