“Azərbaycandan bir klub onun xidmətində maraqlıdır”
24.07.2013 - 14:22
“Azərbaycandan bir klub onun xidmətində maraqlıdır”
Rumıniyalı futbolçu Mirça Aksente karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı hücumçunun meneceri Kristya Opriya deyib.

Belə ki, ötən il müflis olduğuna görə dağılmış “Timişoara”nın xələfi olan “Poli” cari mövsümdən elitada çıxış edəcək. Timişoara təmsilçisi Aksente ilə müqavilə bağlamağa yaxın olsa da, son anda bundan imtina edib.

Opriya isə Rumıniya mətbuatına açıqlamasında futbolçunun ölkəmizdən təklif aldığını bildirib: “Mirçanın “Poli” transferi baş tutmadı. Çünki o klubda bir adam var ki, onu istəmir. Zaman həmin adamın kim olduğunu göstərəcək. Keçid alınmadı deyə bizim üçün problem yoxdur. Təkliflərimiz çoxdur. Azərbaycandan bir klub və bir Liqa 1 komandası onun xidmətində maraqlıdır. O yaxın bir neçə saat ərzində həmin klublardan biri ilə müqavilə bağlayacaq”.

Qeyd edək ki, Aksentenin karyerası əsasən tarixin yaddaşına köçmüş “Timişoara” ilə bağlıdır. Ötən mövsüm isə “Dinamo”da çıxış edib. 3 illik müqaviləsi qalsa da, Buxarest klubu qarşılıqlı razılıq əsasında onunla yollarını ayırıb.