“Skenderbeu”nun prezidenti: Sözümün üstündə dururam
24.07.2013 - 14:33
“Skenderbeu”nun prezidenti: Sözümün üstündə dururam
“Sözümün üstündə dururam. “Neftçi”ni keçdik və qələbəyə görə komandaya 100 min avro mükafat verəcəyimi təsdiqləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib.

O bildirib ki, “ağ-qaralar”a öz meydanlarında keçirilən matçda qazandıqları qələbəyə görə təkcə özü yox, hamı razı qalıb: “Biz 120 dəqiqədə intensiv oynadıq, əzmkarlığımızı göstərdik. Buna görə futbolçulara minnətdarlıq etmək istərdim. Çünki onlar çox güclü rəqiblə oyunda nəticə qazandılar. Bu tarixi uğur təkcə klubumuzun yox, bütün Albaniya futbolunundur. Növbəti təsnifat mərhələsinə çıxmağımız çox vacibdir. Həyəcanlı olduğumdan, çox danışa bilmirəm. Ancaq onu deyə bilərəm ki, düzgün yoldayıq. “Neftçi” ilə oyun nə qədər çətin olsa da, bu, artıq arxada qalıb. İndi növbəti rəqiblə oyunu düşünməliyik”.

Qeyd edək ki, “Neftçi”ni əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edən “Skenderbeu” III təsnifat mərhələsində Qazaxıstan “Şaxtyor”u ilə üzləşəcək.