“Makkabi”nin səfər sindromu
25.07.2013 - 10:27
“Makkabi”nin səfər sindromu
Bu gün “Xəzər Lənkəran”ın qonağı olacaq İsrailin “Makkabi” klubu səfər sindromu yaşayır. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirmək üçün ölkəmizə gələn Hayfa təmsilçisi avrokuboklardakı son 4 səfər matçında məğlub olub.

2011/12 mövsümünə təsadüf edən bu qarşılaşmaların hamısında qol vurmağı da bacaran “Makkabi” Belçikada “Genk”ə 1:2 (ardınca penaltilər seriyasında 1:4), Almaniyada “Şalke”yə 1:3, Rumıniyada “Styaua”ya 2:4, Kiprdə AEK-ə 1:2 hesabı ilə uduzmuşdu. Bu matçlardan son 3-ü Avropa liqasının qrupunda qeydə alınıb.

Ümumiyyətlə isə israillilər son 10 səfər matçında qələbəyə həsrət qalıb. Bu qarşılaşmalarda cəmi 1 heç-heçə ilə təsəlli tapan Hayfa klubu sonuncu qələbəsini 4 il əvvəl əldə edib. 2009-cu il avqustun 19-da Avstriyada Zalsburqun “Austriya” klubunu 2:1 hesabı ilə yenən “Makkabi” rəqib meydanlarında son qələbəsini bayram edib.