Kaxaber Sxadadze üçün “Çelsi” nümunəsi
25.07.2013 - 11:51
Kaxaber Sxadadze üçün “Çelsi” nümunəsi
Bakı “İnter”inin rəqibi olan Norveçin “Tromse” klubu Avropa Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək cavab oyunu ərəfəsində nikbinliyə əsas tapıb. Apasport.az saytının məlumatına görə, öz meydanında 2:0 hesabı ilə qalib gələn skandinaviyalıların baş məşqçisi Aqnar Kristensen də səfər qarşılaşmasına ümidlər bəsləyir.

Mütəxəssis bunu komandasının rəqib meydanlarında yaxşı oynaması ilə bağlayır: “Statistikaya baxın! Onda aşkar görərsiniz ki, biz səfər oyunlarında çox nadir hallarda 2 və daha çox top fərqi ilə uduzuruq. Düzdür, indi bu amil heç bir əhəmiyyət kəsb etmir. Ancaq belə olması xoşdur”.

Qeyd edək ki, I təsnifat mərhələsində öz meydanında “Selye”yə 1:2 hesabı ilə yenilən “Tromse” Sloveniyadakı 2 cavabsız qolla qalib gəlməklə rəqibini mübarizədən kənarlaşdırmışdı. Ümumiyyətlə isə Norveç təmsilçisi avrokuboklarda cəmi 2 dəfə 2 və ya daha çox top fərqi ilə uduzub. 1997-ci ildə İngiltərə “Çelsi”sinə 1:7 hesabı ilə yenilən “Tromse” 8 il əvvəl Fransada “Strasburq”dan 2 cavabsız qol buraxmışdı. “İnter” sonuncuların uğurunu təkrarlamaqla yalnız əlavə vaxta nail ola bilər. Mərhələ adlamaq üçün isə “Çelsi” nümunəsindən yararlanmaq lazımdır. Son 9 səfər matçında cəmi 2 dəfə uduzan norveçlilər bu matçlarda minimal fərqlə məğlub olub. Bu matçlardakı qələbələrin sayı isə 4-dür.