İbrahim Toraman “Simurq”la oyunda niyə kapitan olmadığına aydınlıq gətirdi
25.07.2013 - 12:57
İbrahim Toraman “Simurq”la oyunda niyə kapitan olmadığına aydınlıq gətirdi
“Toplanışın 2-ci mərhələsi başlayarkən baş məşqçimiz ilə kapitanlıq məsələsində kiçik bir söhbətimiz oldu. Məşqçi kapitanlıq mövzusunda 3 futbolçunu namizəd gördüyünü və yeni kapitanın olacağını bildirdi. Həmin oyunçuların da daha çox oynayanlardan olacağını söylədi. Mən də bunun özüm üçün problem olmadığına ona bildirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Beşiktaş”ın müdafiəçisi İbrahim Toraman deyib.

Dünən Avstriyanın Lints qəsəbəsində “Beşiktaş” “Simurq”la yoxlama oyunu keçirərək 2:1 hesabı ilə qalib gəldi. İyulun 21-də “Şalke 04”lə matçda olduğu kimi “qara qartallar”ı kapitan qismində təcrübəli müdafiəçi İbrahim Toraman yox, portuqaliyalı yarımmüdafiəçi Manuel Fernandeş çıxardı. Buna Avstriyada olan türk jurnalistlər aydınlıq gətirməyə çalışıb.

“Simurq”la oyundan sonra açıqlama verən Toraman bundan sonra xorvatiyalı baş məşqçi Slaven Biliçin kapitan sarğısını Manuel Fernandeşə, vitse-kapitanlığı isə çexiyalı Tomaş Sivoka etibar edəcəyini bildirib: “Mən komandada güvəndiyi, məndən daha yaxşı bu funksiyanı icra edə biləcək birini tapdığı halda, Biliçə dəstək verəcəyimi söylədim. Mən tərəfdən bir problem yoxdur, onların önlərini açdım. Kapitanlığı hansı oyunçumuz daha yaxşı görə bilərsə, onun arxasında olarıq. Bundan sonra mənə necə vəzifə tapşırılacaqsa, ən yaxşı şəkiıdə onu yerinə yetirməyə çalışacağam”.

Qeyd edək ki, İbrahimin bu il 32, Sivokun isə 30 yaşı tamam olacaq. Yeni kapitan Fernandeşin isə 27 yaşı var.