“Qarabağ”dan növbəti qələbə
08.08.2013 - 22:47
“Qarabağ”dan növbəti qələbə
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, bu turdakı yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle” olub.

Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandinaviyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib.

Ağdamlıların hər iki qolunu braziliyalı legionerləri vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb.



Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust



22:00. “Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan)- 0:2
QOLLAR: Çumbinyo, 41, Reynaldo da Silva, 50
ilk oyun - 0:1
Baş hakim: Stefan Klossner (İsveçrə).
Sundsvall. “Norrporten Arena”.

GEFLE: 1. Mattias Huqosson (k), 3. Conas Olson, 4. Andres Vikström, 14. Jens Portin, 16. David Fallman, 7. Aleksandr Faltsetas, 8. Saymon Lundevall, 19. Markus Hanson, 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 2. Olof Mard, 11. Sive Pekezela, 5. Zakaria Abdullai, 25. Yoahim Adukor, 20. Emil Bellander.6. Par Asp,
Baş məşqçi: Per Olsson


QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 16. Corc Leroy, 70. Cumbinyo, 88. Uilrix Kapolonqo.
Ehtiyat oyunçular:1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 11. Nikolas Gelaşvili,.
Baş məşqçi: Qurban Qurbanov

Oyun başladı.
İlk dəqiqələrdən “Qarabağ” daha fəaldır. Lakin qapılar önündə ciddi təhlükə yoxdur.
Qapı istiqamətində ilk zərbə Kapolonqodan gəldi. Lakin konqolu çərçivəyə düşə bilmədi.
“Qarabağ” qayda pozuntusuna yol verdi.
Leroy cərimə meydançasında topa yiyələnsə də meydan sahibləri topu küncə çıxardı. İlk künc zərbəsi fayda vermədi.
Təmsilçimizdən daha bir təhlükə yarana bilərdi. Lakin Çumbinyonun Reynaldoya ötürməsində dəqiqlik çatmadı.
Kapolonqo qaydanı pozdu.
İsveçlilərin ilk təhlükəli hücumu. Top qapı önünə ötürüldü. Yaxşı ki, orda meydan sahiblərindən heç kim yox idi.
Çumbinyo təxminən 23 metrdən zərbə endirdi. Top qapının üstündən keçdi.
Vikstryom cərimə zərbəsi vurdu.
Dalberq Medvedevə qarşı qaydanı pozdu.
Lundevalın uzaq zərbəsi çərçivəyə düşmədi.
Kapolonqonun topla ləng davranması sürətli əks-hücum şansını qaçırdı. Nəticədə qazanılan künc zərbəsi isə faydasız oldu.
Aqollinin uzaq zərbəsindən sonra Huqosson topu dəf etdi. Ardınca Leroy qapıçını oyuna daxil olmağa vadar etdi.
Volikstryom Telini qabaqladı.
Reynaldo texnikası hesabına cərimə meydançasına daxil oldu. Lakin alınmayan zərbədən sonra top qapıçının oldu.
İsveçlilər qaydanı pozdu.
Hər 2 komanda xırda follara yol verir.
Varvodiç qapıya qol vurulmasına əngəl olub, hava ötürməsindən sora topa yiyələndi. Rəqibin simulyasiya cəhdi baş tutmadı.
İlk hissənin ortalarından başlayaraq isveçlilər fəallaşaraq üstünlüyü ələ alıb.
Reynaldonun ötürməsindən sonra Çumbinyo 19 metrdən zərbə vurdu. Qapıçı topu tutdu.
İsveçlilərdən ciddi təhlükə. Varvodiç topu çətinliklə küncə çıxardı. Bu matçın ən təhlükəli epizodudur.
Lundevallın uzaq zərbəsindən sonra top tirin üstündən keçdi.
Rəşadın səhvindən sonra Varvodiç komandamızı xilas etdi.
Cərimə meydanına ötürmədən sonra Çumbinyo yıxılaraq başla qol vurdu - 0:1.
Leroy qaydanı pozdu.
Lundevalın künc zərbəsindən sonra Orlovun zərbəsi hədəfə düşmədi.
Meydan sahiblərinin növbəti zərbəsini Varvodiç zərərsizləşdirdi.
İlk yarı başa çatdı. Ağdam təmsilçisi fasiləyə üstün yollandı - 0:1.

İkinci hissə başladı.
Fasilədən sonra ilk hücum Gefle təmsilçisindən gəldi.
Reynaldo 3 müdafiəçini keçib qapıçı ilə təkbətək qaldıqdan sonra 2-ci qolu vurdu. Oremo qaydanı pozdu.
Hücum zamanı Kapolonqo topa çatmadı.
Dalberq çərçivəyə düşmədi.
Yusifovdan qayda pozuntusu.
Varvodiç meydan sahiblərinin fərqi azaltmasına imkan vermədi.
Künc zərbəsindən sonra isə top meydanı tərk etdi.
Meydan sahibləri dəyişiklik edir. Orlovun yerinə Bellander meydana daxil olur.
Abdullay isə Hanssonu əvəzlədi.
Dalberq Medvedevə qarşı qaydanı pozdu.
Ardınca Falsetas fol etdi.
Çumbinyo qaydanı pozdu.
Komandamızda ilk dəyişiklik.
Gelaşvili meydana daxil olur. Gürcü legioner Kapolonqonu əvəzlədi.
Nikolozun ötürməsindən sonra Reynaldo dublunu rəsmiləşdirə bilərdi. Lakin braziliyalı dəqiq olmadı.
Gelaşvili ilk oyunda başladığı qol qaçırmaq ənənəsini davam etdirir. Qapıçı ilə üz-üzə qalan gürcü onu keçsə də topu qapı xəttindən buraxır.
Təmsilçimizdə 2-ci dəyişiklik.
Muarem Leroyun yerinə meydana daxil oldu.
İsveçlilərdən son dəyişiklik. Frezekela Falsetası əvəzlədi.
Bellander çərçivəyə düşmədi.
Lundevall künc zərbəsi vurdu.
Bellander ofsayda düşdü.
Çumbinyoya qarşı qayda pozuntusu.
Medvedevin qapı önünə ötürməsini tamamlayan olmadı.
Dalberq qaydanı pozdu.
Ardınca Gelaşvili kobudluq etdi.
Aqolli qaydanı pozdu.
Səttarlı Çumbinyonu əvəzlədi.
İsveçlilərin real qol vəziyyəti.
Futbolçularımız topu boş qapıdan çıxardı.
Oyuna 2 dəqiqə əlavə olundu.
Matç başa çatdı.
Təmsilçimiz isveçliləri ikinci oyunda 2 qolla yendi.