“Qarabağ” “Gefle”dən daha yaxşı komandadı” - MÜSAHİBƏ
08.08.2013 - 17:52
“Qarabağ” “Gefle”dən daha yaxşı komandadı” - MÜSAHİBƏ
“Qarabağ” klubunun futbolçusu Namiq Yusifovun apasport.az saytına müsahibəsi

- Komandanız Avropa Liqasının III təsnifat mərhələsində bu gün “Gefle” ilə cavab matçına çıxacaq. Bu çətin qarşılaşmaya nə dərəcədə hazırsınız?
- Təbii, ciddi oyundu. Bütün komanda bu qarşılaşmanın məsuliyyətini başa düşür. Bildiyimə görə, televiziya vasitəsilə canlı yayım olacaq. Yəni, ölkədə oyunumuzu on minlərlə adam izləyəcək. Məqsədimiz yaxşı oyun göstərib mərhələ adlamaqdı. Bakıdakı qarşılaşmada yaxşı təsir bağışlamışdıq. Xeyli qol imkanlarımız olmuşdu. Həmin oyunu burda da göstərmək istəyirik. Matçı gözləyirik, görək rəqib bizə hansı oyunu təklif edəcək. Düzdü, “Gefle” güclü komandadı, amma “Qarabağ” bu rəqibi mübarizədən kənarlaşdırmaq iqtidarındadı.

- Dünən matçın keçiriləcəyi stadionda məşqə çıxdınız. Müşahidələrimizə görə, qazonun durumu futbolçuları qane etmədi. Komandanıza belə süni örtüklü meydanda oynamaq çətin olmayacaq ki?
- Bütün günü bu barədə fikirləşmək düzgün olmazdı. Çünki özümüzü gərginlikdə saxlamış olarıq. Sintetik örtükdə oynayacağımızı əvvəldən bilirdik. İstəsək də, istəməsək də bu meydanda oynamalıyıq. Bayaq dediyim kimi, məqsədə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- “Gefle”yə qarşı hansı oyun üslubu seçəcəksiniz: Müdafiə, yoxsa hücum futbolu?
- Biz həmişəki kimi, öz oyunumuzu oynayacağıq. “Qarabağ” öz oyununu göstərməkdən heç vaxt çəkinməyib. Əgər buna nail olsaq, istər “Gefle”, istərsə də başqa bir komanda olsun, İnşallah mərhələni adlayarıq.

- Cavab matçı öncəsi şansları necə dəyərləndirirsiniz?
- Belə dəyərləndirmək çətindi. 50-nin 50-yə deyərdim. Düzdü, biz 1:0 hesabı ilə öndəyik. Amma bu hesab o demək deyil ki, çıxıb rahat oynamalayıq. Görək, necə alınacaq...

- Bəs bu günkü dueldə “Gefle” və “Qarabağ”ın nə kimi üstünlükləri var?
- Rəqibin hansı üstünlüyə malik olduğunu deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, “Qarabağ” “Gefle”dən daha yaxşı komandadı. Futboldu, oyun alına da bilər, alınmaya da. Öncədən söylədiyim ki, oyunumuz alınsa, pley-offa yüksələn tərəf “Qarabağ” olacaq.

- “Qarabağ”ın Avropa Liqasındakı uğurlarında sizin də payınız var. Amma millinin Malta ilə yoldaşlıq görüşü üçün açıqlanan heyətində adınıza yenə rast gəlinmədi...
- Vallah bu sualı Berti Foqtsa versəniz, daha yaxşı olardı. Nə deyim? Mən də millidə oynamaq istəyirəm. Açığı, Foqtsdan heç nə gözləmirəm. Əgər yığmaya dəvət etsəydi, mənim üçün sürpriz olardı.