“Qarabağ”ın start heyəti: Rəşad Sadıqov oynamaya bilər
08.08.2013 - 18:28
“Qarabağ”ın start heyəti: Rəşad Sadıqov oynamaya bilər
Bir neçə saatdan sonra Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə cavab matçına çıxacaq “Qarabağ”ın start heyəti məlum olub.
Apasport.az saytının xəbərinə görə, ilk oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər gözlənilir.

Baş məşqçi Qurban Qurbanov “çərçivə”ni Miro Varvodiçə tapşırıb. Müdafiənin sağında Maksim Medvedev, solunda Ansi Aqolli mübarizə aparacaq.

Mərkəzdə isə Admir Teli ilə Rəşad Sadıqovun qərarlaşacağı gözlənilir.
Hərçənd, boynunda zədəsi olan “Qarabağ”ın kapitanının meydana çıxmamaq ehtimalı da var. Sadıqov ən yaxşı halda iynə ilə meydana çıxa bilər.

Dayaq yarımmüdafiəçiləri Qara Qarayevlə Namiq Yusifov iş başında olacaqlar. Yarımmüdafiənin cinahlarına gəlincə, ilk oyunda olduğu kimi, Corc Leroy start heyətində yer alacaq. Sağda isə zədəsini bərpa edən Reynaldo qərarlaşacaq.

Zədəli Riçard Ameydanın yoxluğunda oyun qurucusu funksiyasını Çumbinyo yerinə yetirəcək. Bakıdakı oyunda əlverişi fürsətlərdən istifadə edə bilməyən Nikolas Gelaşvilinin əvəzinə Ulrix Kapolonqo forma geyinəcək.