“Sumqayıt”da heç-heçə təsəllisi
14.08.2013 - 16:42
“Sumqayıt”da heç-heçə təsəllisi
“Bir müddət əvvəl Rusiyada dizimdən əməliyyat olundum. 10 günlük istirahətin ardından yüngül məşqlərə başladım. Artıq bir həftədir komanda ilə birgə hazırlışıram”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Samir Abasov deyib.

Mövsümlərarası fasilədə dizindən əməliyyat keçirmiş müdafiəçi artıq məşqlərə başlayıb. O, klubun saytına komandasının çıxışından və zədəsindən danışıb: “Bərpa prosesini tamamlamaq üzrəyəm. İnşallah, məşqçilər lazım bilsələr növbəti turda “Qəbələ” ilə qarşılaşmada meydana çıxa bilərəm. Düzdür, hələ tam hazır deyiləm, amma tez bir zamanda əvvəlki formamı bərpa edəcəyəm”.

Abasov arxada qalan iki turu dəyərləndirməklə yanaşı, gələcək üçün nikbin danışıb: “Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik. Komanda tam heyətlə hazırlaşa bilmədi. Hətta Gürcüstandakı təlim-məşq toplanışına da tam heyətlə getmədik. Amma buna baxmayaraq, komanda mövsümün ilk turunda “Xəzər Lənkəran”la oyunda yaxşı təsir bağışladı. Həmin görüşdə qələbə qazanmağa yaxın olsaq da, təcrübəsizliyin qurbanı olduq. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti cavanlardır.

Onlara bir qədər vaxt lazımdır. “Qarabağ”la görüşdə isə çox pis oynadıq və nəticədə məğlub olduq. Düşünürəm ki, zədəli futbolçular sıraya döndükdən sonra və cavanlar bir-iki tur bir yerdə oynadıqdan sonra vəziyyət yaxşılaşacaq".