Tuyqun Nadirov: Mirça Rednik dedi ki...
14.08.2013 - 23:04
Tuyqun Nadirov: Mirça Rednik dedi ki...
“Son vaxtlar Mirça Rednikin yenidən komandamızın baş məşqçi postuna gətiriləcəyi barədə xəbərlər dolaşır”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə ağır məğlubiyyətdən və Topaz Premyer Liqasında ardıcıl 2 bərabərliyin ardından cənub təmsilçisinin uelsli çalışdırıcı Con Toşakla əməkdaşlığa xitam verəcəyi, bu posta Mirça Rednikin gətiriləcəyi haqda məlumatlar yayılıb.

Hətta rumıniyalı mütəxəssisin vətənində ÇFR klubundan məhz “ağ-yaşıllar”dan aldığı dəvətə görə istefa verdiyi iddia olundu.

Bu xəbərlərin yanlış olduğunu deyən Nadirov əməkdaşımızla söhbətində Redniklə əlaqə saxladıqlarını etiraf edib: “Əvvəla onu deyim ki, komandamızın Toşakla 2015-ci ilədək müqaviləsi var. Bu səbəbdən klub rəhbərliyi uelsli mütəxəssislə vidalaşmaq fikrində deyil. Hansısa baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz. Əsas məqsəd yalnız məşqçilər korpusunu gücləndirmək və yeni transferlər reallaşdırmaqdı ki, bu istiqamətdə də işlər gedir.

Redniklə danışıqlara gəlincə, düzdü, biz onunla əlaqə saxlamışıq. Rumıniyalı mütəxəssislə yaxşı münasibətlərimiz var. Axırıncı dəfə martda – baş məşqçi axtarışında olan zaman danışmışıq. Həmin vaxt Rednik özü bizə dedi ki, istəsəniz gələ bilərəm. Amma əslində, o, baş məşqçi postuna namizəd deyildi. Sadəcə, bayramlar olanda əlaqə saxlayırıq və məşqçi axtarışında olduğumuzu biləndə, belə fikir səsləndirdi. Yenə deyirəm, Rednik namizəd olmayıb, çünki rəhbərlik başqa mütəxəssislərlə danışıqlar aparırdı”.